
"Komandamızı nə tərk edən, nə də heyətə yeni qoşulan olacaq".
Bunu Sportnet.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib. 51 yaşlı mütəxəssis mövcud büdcə və reallığa uyğun hərəkət etməli olduqlarını bildirib: Yeni oyunçu gətirməyə imkanımız yoxdur. Büdcəmiz buna imkan vermir. Cəmi 17 oyunçumuz var. Kimi sata bilərik ki, yeni oyunçu da alaq?"
Diniyev hətta maliyyə problemləri ilə üzləşən AZAL-ın da heyətinə yeni oyunçuların qatdığını vurğulayıb: "Bizimlə yoxlama matçında bir neçə yeni oyunçu, hətta legionerlərlə çıxış etdiklərini gördüm".
Baş məşqçi komandaya hələ də qoşulmayan Dario Frederiko ilə bağlı da danışıb. O bildirib ki, braziliyalı hücumçu Türkiyənin İstanbul şəhərindəki hava şəraiti ilə əlaqədar gecikib. Frederikonun bu gün və ya sabah komandaya qoşulacağını deyən Diniyev onunla söhbət etdikdən sonra cəzalandırıb-cəzalandırmayacağına dair qərar verəcəyini açıqlayıb.
Qeyd edək ki, "Kəpəz" qış toplanışını Antalyada keçməyən Azərbaycan Premyer Liqasının 2 klubundan biridir. Digər komanda isə AZAL olub.