"Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasında "Neftçi" ilə oyundan sonra müsahibə verib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, klub rəsmisi jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə deyə biləriniz?
- "Neftçi" klubunu təbrik edirəm. Yaxşı futbolçular yığıblar. Fiziki göstəriciləri də yaxşıdır, hündürboy futbolçulardır. İlk oyunları idi. Hesab edirəm ki, bərabər oynamağa təcrübələri yoxdur. Buna baxmayaraq, rəqibdə çox yüksək motivasiya gördük. "Neftçi" həmişə hörmət etdiyim rəqibimdir. Komandanı bu gün belə görmək məni doğrudan sevindirdi. Çünki rəqiblərimizin güclənməsi Avropada şansımızın yüksəlməsi anlamına gəlir. Məsələyə belə yanaşıram. Baxımlı bir oyun izlədik. "Qarabağ" da pressinq etdi, öz oyununu göstərdi. Fikrimcə, sürətli, maraqlı bir oyun alındı.
- Heyətlə bağlı düşüncələriniz necədir?
- Məncə, oyunçular var idi. Gənc qapıçımız da özünü sübut elədi. Hesab edirəm ki, bu gün təmiz bir oyun oynadıq.
- Reynaldonun gedişi ilə bağlı nə düşünürsünüz?
- Reynaldo üçün şəxsən mən daxil olmaqla hər kəs darıxır. Ancaq bu, futboldur, həyatdır, dəyişiklikdir. Reynaldo getməli idi. Ona yeni klubunda uğurlar arzulayıram. Ancaq hsab edirəm ki, bu gün Dini Ndlovu, Dani Kintana, hücum xəttimiz çox yaxşı oynadı.
- Rəqibləriniz xeyli güclənib. Necə düçünürsünüz, "Qarabağ"ın çempionluq yolu xeyli çətin olacaqmı?
- Əlbəttə, biz çox çətin oyunlara hazırlaşırıq. Bilirikik ki, onsuz da "Qarabağ"la matçlarda rəqibləri ən yüksək oyununu götərmək istəyir. Düzdür, "Qəbələ" də bərabərlik etdi. "Qarabağ" yalnız 1 xal irəlidədir. Yox, çox rahat deyilik. Sözsüz ki, bu çempionat çox çətin keçəcək.