"Qəbələ"nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun Sportnet.az-a müsahibəsi
- Rasim Ramaldanovun komandanıza transferi artıq rəsmən açıqlanıb. Bir qədər gözlənilməz olan bu transferi necə dəyərləndirərdiniz?
- Əslində, Ramaldanovun keçidini planlaşdırmırdıq. Çünki bizim üçün daha vacib olan hücum mövqeyinə futbolçu almaq idi. Ancaq Rafael Santos meniskindən zədələndi və ona əməliyyat olunmaq lazım gəldi. Bu üzdən bizə təcili mərkəz müdafiəçisi gərək idi. Biz də seçimimizi Rasim Ramaldanov üzərində etdik.
- Niyə məhz Ramaldanov?
- Onu bilirik ki, bu futbolçu artıq böyük təcrübəyə malikdir. Son vaxtlar Gürcüstan çempionatının yüksək liqasında çıxış edib. Ümid edirik ki, bizim komandada özünü yaxşı tərəfdən göstərəcək.
- Həm də Rasim yeni komandasına tez uyğunlaşmalıdır. Çünki "Qəbələ"də qış təlim-məşq toplanışı keçməməsi öz təsirini göstərə bilər...
- Onun hazırlığı haqda söhbət getmir. Çünki Ramaldanov tam 1 ay buraxıb. Bu müddətdə fərdi məşq edib. Komandamızda yeni məşqlərə başlayıb. Aydın məsələdir ki, Rasim indi obyektiv səbəbdən hazır ola bilməz.
- "Qəbələ" sabiq hücumçusu Daniel Subotiçin qayıdışını hələ ki rəsmən açıqlamasa da, hər halda, bu transfer də demək olar reallaşıb...
- Həmişə onda yaxşı alınır ki, yeni transfer klubumuzun rəsmi saytında elan olunur və bundan sonra həmin futbolçu haqda rahat danışırsan. Məndə olan məlumata görə, Subotiçlə müqavilə imzalanıb və yaxın vaxtlarda sərəncamımızda olmalıdır.
- Siz Danieli Ukraynadan "Volın" klubunda çıxış etdiyi dövdən tanımalısınız. Onda "Çernomorets"in baş məşqçisi idiniz...
- Subotiçi hələ orada çalışdığı vaxtdan xatırlayıram. Onu da bilirəm ki, "Qəbələ"də oynadığı 1 mövsümdə yetərincə uğurlu çxış edib. Hücum xəttimizin güclənməsi sadəcə, vacibdir. Buna görə şükür Allaha ki, hücumçu götürə bildik.
- Qış "transfer pəncərəsi" bağlanmaq üzrə olduğu bir vaxtda bu iki keçidi həyata keçirə bildiniz...
- "Tramsfer pəncərəsi" fevralın 1-də bağlanacağından, hələ ən azı bir sutka qalıb. Hələ minimum 24 saatımız var (gülür).
- Ümumiyyətlə, qış transfer dövründən razı qaldınızmı? Çünki bu müddətdə yeni futbolçu tapmaq çətin məsələdir. Bu da klublarla müqavilələrinin olması ilə bağlıdır...
- Qış transfer dövrünün təkcə uğursuz olduğunu deməklə iş bitmir. Sadəcə, qış fasiləsində az variantların olur. Hər yerdə çempionat gedir, mövsümün ortası gəlir. Əsas problem də bununla əlaqədardır. Bu zaman az futbolçu seçimin olur. Hücumçuya gəlincə, fərqi yoxdur qış-yay, həmişə kasad olur. Yaxşı hücumçu tapmaq daim çətindir. Münasib variant olanda keçidlə, transfer məbləğləri ilə bağlı çətinliklərin olur. Bu üzdən maliyyə daxil olmaqla bir sıra məsələləri həll etmək lazım gəlir. Ona görə yeni hücumçu transferini həll etmək heç də asan olmur.
Mehman SÜLEYMANOV