"Oyuna tam hazır idim və baş məşqçidən şans gözləyirdim. Çünki oyundan əvvəl adım siyahıya salınmışdı. Baş məşqçi fasilədə dedi ki, "hazırlaş, meydana çıxırsan”. Mən də meydana çıxdım və özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım".
Bunu Sportnet.az-a açıqlamasında Yunanıstanın "AEL Larissa" klubunda debüt edən azərbaycanlı futbolçu Amit Quluzadə deyib.
Super Liqada "Kerkira” ilə matçın 46-cı dəqiqəsində meydana daxil olan 25 yaşlı yarımmüdafiəçi həyəcanının olmadığını söyləyib: "Ancaq qürur hissi var idi. Düzdür, öz mövqeyimdə deyil, sağ cinah müdafiəçisi kimi oynadım. Lakin yenə də hər şey yaxşı alındı. Karyeram ərzində ilk dəfə idi ki, bu mövqedə oynayırdım. Buna rəğmən, hər şey yaxşı alındı”.
Millimizin sabiq futbolçusu qarşıdakı turlarda da meydana çıxmaq istədiyini vurğulayıb: "Gələn oyunumuz "Olimpiakos”a qarşı olacaq. Əlimdən gələni edirəm ki, heyətə düşüm. Komandamızda rəqabət var. Çalışacağam ki, daim oynayım və Azərbaycanı Yunanıstanda ən yaxşı şəkildə təmsil edim”.