"Qış fasiləsindən sonra çempionat daha da gərginləşib. Gördüyünüz kimi, "Neftçi” "Qarabağ”dan xal alır, AZAL "Qarabağ"a qarşı layiqli mübarizə apardı. Mübarizə həqiqətən gərginləşib". Bu fikirləri Sportnet.az-a açıqlamasında "Zirə"nin futbolçusu Təmkin Xəlilzadə bildirib.
24 yaşlı yarımmüdafiəçi Premyer Liqada qış fasiləsindən sonra arxada qalan 2 turda gərgin mübarizə ilə yanaşı, hakim səhvlərinin olmasına da toxunub: "Əlbəttə, hakim səhvləri biz futbolçulara pis təir göstərir. Hakimlər haqda danışmağı xoşlamıram. Onlar da insandır. Hakim meydanda təkdir, biz çoxuq, səhv edir. Ancaq nəticəyə təsir edən səhvlər futbolçulara istər-istəməz təsir göstərir. Məsələn, Qəbəldəki oyunda hesab 0:0 olanda vurulan qolda 1 metr ofsayd vardı...Başqa komanda haqda danışmaq istəmirəm, sadəcə, söhbət açıldı, ona görə deyirəm. "Neftçi” layiqli mübarizə apardı, "Qəbələ”yə qarşı yaxşı müdafiə olundu. Bəlkə də bu qol olmasaydı, hesab 0:0 bitəcəkdi. Futboldur da, belə şeylər olur. Hər halda, hakim səhvləri üzündən "Neftçi"nin əziyyəti yerə dəyir".
Xəlilzadə son turda "Kəpəz"lə oyunda 28-ci dəqiqədə baş hakim Elvin Əsgərov tərəfindən qırmızı vərəqə alan komanda yoldaşı Sezar Meza Kolli ilə bağlı epizoda da münasibət bildirib: "Epizoduna təkrarına baxdım. Hakim qırmızı vərəqə veribsə, onun qərarını heç kim dəyişə bilməz. Sezar da çönüb getdi. Yəqin ki, baş hakim nəsə görüb "qırmızı" verdi".