Sabah Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına start veriləcək. Sportnet.az-ın məlumatına görə, bu dəfə turun matçları həftəsonu yox, həftəiçi keçiriləcək.
Liderlərin qarşılaşmaları ilk oyununda olacaq. Qış fasiləsindən sonra ardıcıl 3-cü ev oyununu evdə keçirəcək "Qəbələ" bu dəfə son pillənin sahibini qonaq edəcək. Ancaq həmin AZAL son matçda "qırmızı-qaralar"dan gözlənilmədən 2 xal ala bilib. Düzdür, "təyyarəçilər"in Qəbələdə son oyunlarda xal qazanması mümkün olmur.
Meydan sahibləri qalib gələrsə, vahid lider ola bilər. Çünki "Qarabağ"ın "Zirə" ilə ev oyununda işi heç də asan olmayacaq. Düzdür, Ağdam klubu rəqibinə heç vaxt məğlub olmasa da, zirəlilər hazırda yüksəlişdədir. Ayxan Abbasovun baş məşqçi postuna gəlişindən sonra hər 2 oyununda qalib gələn "Zirə" yüzfaizli nəticə göstərib. Onu da qeyd edək ki, 36 yaşlı Abbasov vaxtilə "Qarabağ"da elə Qurban Qurbanovun rəhbərliyi altında oynayıb. "Qəbələ" autsayderlə matçda baş məqçisi Roman Qriqorçukun "texniki zona"da xidmətindən məhrum olacaq. Ukraynalı mütəxəssis AFFA-nın İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandığından matçı tribunadan izləyəcək.
"Zirə"nin büdrəməsi ən yaıxn izləyiciləri "Sumqayıt"la "Kəpəz"in işinə yaraya bilər ki, onlar bu turda öz aralarında oynayır. Bu 3 komanda Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparır. "Kəpəz" qış fasiləsindən sonra ardıcıl 3-cü oyunda, öz də əsas rəqiblərindən birinə uduzarsa, onunla xal fərqi 7-yə yüksələcək. Bu zaman Diniyevin "kreslosu daha da laxlayacaq" və istefası an məsələsi ola bilər.
Tura Bakı derbisi ilə yekun vurulacaq. Qış fasiləsindən sonra məğlub olmayan "İnter" qələbə üzünə həsrət olan "Neftçi"ni qəbul edəcək. Elxan Abdullayevin komandası üçün qış fasilsindən sonra təqvim heç də münasib deyil. Çünki "ağ-qaralar" Premyer Liqanın ilk üçlüyündə qərarlaşan komandalarla ardıcıl görüşməli olur. Özü də "Qəbələ" ilə oyunun məkanı dəyişdiyindən, hər 3 matşda səfərdə oub. "Neftçi"nin kapitanı Ruslan Abışov cari mövsümün ilk yarısında şərəfini qoruduğu "İnter"ə qarşı oynaya bilməyəcək. Bu da onun cəzalı olması ilə bağlıdır.
Komandalar bir-birini öz meydanında 2:1 hesabı ilə məğlub edib. Özü də Abdullayev "Neftçi"nin baş məşqçi postunda debütündə "İnter"lə üzləşərək uduzub.
8 fevral (çərşənbə)
15:00. "Qəbələ” – AZAL
Qəbələ. Şəhər stadionu
Cari çempionatdakı oyunlar - 3:0, 0:0
17:30. "Qarabağ” – "Zirə”
Bakı. "Azərsun Arena” stadionu
Cari çempionatdakı oyunlar - 2:0, 2:0
9 fevral (cümə axşamı)
15:00. "Sumqayıt” – "Kəpəz”
Sumqayıt. "Kapital Bank Arena” stadionu
Cari çempionatdakı oyunlar - 1:1, 0:0
17:30. "İnter” – "Neftçi”
Bakı. "İnter Arena” stadionu
Cari çempionatdakı oyunlar - 2:1, 1:2