"Neftçi" ilə oyunun ikinci hissəsinin ilk yarısına aktiv başladıq. Sadəcə, bir az qapımıza doğru qapandıq. Halbuki, baş məşqçimizin belə göstərişi yox idi. Əksinə, vəzifəmiz qol vurub qalib gəlmək idi".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın futbolçusu Məhəmməd Qurbanov Azərbaycan Premyer Liqasının XVIII turunda "Neftçi"yə səfərdə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.
Onun fikrincə, komandası bu matçda meydandan xalla ayrıla bilərdi: "Razıyam ki, qapıçımız Fərhad Vəliyev bir neçə dəfə bizi real qoldan xilas etdi. Ancaq bizim də fərqlənmək şanslarımız oldu. Hücumçumuz Ehtiram Şahverdiyev sonda qol vursaydı, hesab bərabər olacaqdı".
Vaxtilə "Neftçi"də çıxış etmiş gənc hücumçu keçmiş komandasının indiki durumundan da söz açıb. O, qış fasiləsinədək olan "ağ-qaralar"la indiki arasında fərqin böyuük olub-olmaması ilə bağlı sualı belə cavablandırıb: "Açığı, bu fərqi hələ hiss etməmişəm. İki ay keçsin, sonra baxarıq. Doğrudur, hələ ki nəticə verirlər. Ancaq oyun haqda heç bir şey deyə bilmərəm".
Qurbanov "Neftçi"nin onlarla xal fərqini 6-ya endirməsində problem görmür: "Bunda heç bir təhülkə yoxdur. Əksinə, bu il maraqlı çempionatdır. Baxaq görək, mübarizə necə keçəcək".