Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. Sportnet.az-ın məlumatına görə, açılış oyununda "İnter"lə "Zirə" üz-üzə gəlib.
Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Hesabı 40-cı dəqiqədə qonaqlar açıb. Təmkin Xəlilzadənin cinah asmasından sonra Denis Silva topu öz qapısına göndərib. Meydan sahibləri bərabərlik qolunu 47-ci dəqiqədə vurub. Rauf Əliyev qapıçı ilə təkbətəkdən fərqlənib.
74-cü dəqiqədə "Zirə"nin qapıçısı Anar Nəzirov cərimə meydançasından kənarda əllə oynadığı üçün qırmızı vərəqə alıb. Lakin "İnter" say üstünlüyündən yararlana bilməyib. Beləliklə, "Zirə" ardıcıl 3-cü matçında qələbəyə həsrət qalıb. Amma Ayxan Abbasovun baş məşqçi olduğu komanda ən azı bir günlük 23 xalla 4-cü pilləyə yüksəlib. "İnter" isə 33 xalla 3-cü pillədə qalıb.
Günün ikinci matçında "Neftçi” – "Kəpəz”i qəbul edib. "Bakcell Arena”da baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçsə də, komandalardan heç birinə qol vurmaq müyəssər olmayıb. Bu kolletivlərin ölkə çempionatları tarixində 46-cı dueli 0:0 hesabı ilə yekunlaşıb.
Qeydə alınan bərabərlikdən sonra "Neftçi” xalını 17-yə, "Kəpəz” isə 16-ə çatdırıb. Komandaların turnir cədvəlindəki mövqeyi isə dəyişməz qalıb. Paytaxt təmsilçisi 6-cı, Gəncə klubu isə 7-ci pillədədir.
Qeyd edək ki, turun daha 2 oyunu fevralın 19-da olacaq. "Sumqayıt" AZAL-ı, "Qəbələ" "Qarabağ"ı qəbul edəcək.
Azərbaycan Premyer Liqası, XIX tur
18 fevral (şənbə)
15:30. "İnter” – "Zirə” - 1:1
Qollar: Rauf Əliyev, 47 - Denis Silva, 40-öz qapısına
Qırmızı vərəqə: Anar Nəzirov, 74 ("Zirə")
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
"İnter Arena”
18:00. "Neftçi” – "Kəpəz” - 0:0
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Füzuli Nəcəfov
"Bakcell Arena”