1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rauf Əliyev: "Nizami Hacıyevin sözlərinə deyib-gülürük" - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Zirə” ilə görüşdə "İnter”in bərabərlik qolunu vuran Rauf Əliyevin Sportnet.az-a müsahibəsi
- 1:1 hesablı heç-heçə ilə nəticələnən matçla bağlı nə düşünürsünüz?
- Məlum məsələdir, "Zirə” yaxşı komandadır. Onlar 3-cü yer uğrunda mübarizə aparırlar. Heyətləri də çox yaxşıdır. Amma biz evdə oynayırdıq. 3 xal qazanmalı idik. Çünki qarşıda daha çətin oyunlarımız var. Təəssüf ki, 2 xal itirdik. Özü də, "Zirə” son 15 - 20 dəqiqəni azlıqda oynadı. Lakin bundan istifadə edə bilmədik. Bəzi mövqelərdə axsayırdıq, alınmırdı. Başqa cür başa düşülməsin, bəlkə də, bəzi oyunçularımız matça ciddi yanaşaydılar işin öhdəsindən gələ bilərdik.
- Bu cür yanaşma rəqibdən irəli gəldirdi?
- Yox, "Zirə” də bizim kimi 5 müdafiəçi ilə oynayırdı. 4 müdafiəçi ilə oynayan komandalara qarşı nisbətən asan olur. "Sumqayıt”la görüşdə də bunun şahidi olmuşuq. Onlar da 5 müdafiəçi ilə çıxış edirlər. Nə etmək olar, əsas odur ki, məğlubiyyətdən qaçmağı bacardıq.
- Cari mövsümdə Premyer Liqada vurduğunuz qolların sayı 7-yə çatdı. İlk sıradakı Filip Ozobiçin 10 qolu var...
- Hücumçu kimi qolumu vurum, əsas budur. Lakin əlbəttə ki, bombardir olmaq istəyərəm.
- Qarşıdan "Qəbələ” və "Qarabağ”la oyunlar gəlir. Bu matçlarda məqsəd 6 xaldır?
- Açıq danışsaq, indiki vəziyyətdə bu iki komanda ilə oyunlardan 6 xal qazanmaq çox çətin görünür. Hardasa, 20 faiz ehtimal var ki, 6 xal toplayaq. Ancaq əvvəlki turlarda bu kollektivlərə qarşı yaxşı oyun nümayiş etdirmişik. "Qaraba”ı bir oyunda məğlub etmişik, digər matç heç-heçə olub. "Qəbələ” ilə isə hər iki görüş bərabərliklə yekunlaşıb. Əvvəlki qaydada hazırlaşacağıq.
- Sponsorun klubdan imtina etməsi futbolçularda təzyiq yaradıbmı?
- 1,5 ildir "İnter”dəyəm. Gələn gündən belə olub da. Vəziyyət daim qeyri-sabit olub. Lakin heç vaxt fikrimiz maliyyə problemində olmayıb.
- Lakin kapitan Nizami Hacıyev hər müsahibəsində bu barədə danışır...
- Nizami heç, o, həmişə yaxşı müsahibələr verir. Özümüz də bu barədə danışıb, deyib-gülürük. Bunun təsiri olsaydı bu gün 3-cü pillədə qərarlaşmazdıq.
- Son günlər "Lider” televiziyasının əməkdaşının veriliş zamanı sizi eyvanda görüb, tanımaması müzakirə olunur. Hər kəs deyir ki, eyvandakı Kriştianu Ronaldu olsaydı, tanıyardı...
- Həmin video 3-4 ilin söhbətidir. Ondan sonra həmin aparıcı xanımdan da müsahibə almışdılar. Məlum məsələdir, azərbaycanlı futbolçuları hər kəs tanımır. Bunu normal qarşılamaq lazımdır.
- Martda milli komandanın təlim-məşq toplanışı olacaq. Dəvət gözləyirsiniz?
- Çağırsalar da sağ olsunlar, çağırmasalar da. Mən öz oyunumu göstərirəm.