Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan Premyer Liqası klublarında fəaliyyət göstərən kadrlar və onların hazırlanması" layihəsinin icrasını davam etdirir. Dördüncü yazıda maliyyə menecerlərindən söhbət açacağıq.
Maliyyə menecerləri üzdə olmayan, lakin klub daxilində böyük əhəmiyyətə malik fiqurlardır. Açığı, bu məqaləni qələmə alana qədər onların əksəriyyətini biz də tanımırdıq. Çünki az sayda klublar sözügdən vəzifəni tutan şəxslərlə bağlı rəsmi saytlarında məlumat yerləşdiriblər. Həmin bilgilər isə çox qısa xarakterlidir. Bu üzdən, əlləri pulla oynayanlarla bağlı informasiya toplamaq elə də asan olmadı. Üstəlik, maliyyə menecerləri klubun əsas sirlərini bilən şəxslərdir deyə, mətbuata açıq deyillər və xüsusən də jurnalistlərlə həmsöhbət olmaq istəmirlər.
Bir çoxları maliyyə menecerinin və ya baş mühasiblərin işlərinin yalnız əmək haqqı paylmaqla mədudlaşdığını düşünürlər. Əslində isə onların üzərinə çox böyük yük düşür. Maliyyə menecerinin vəzifələri aşağıdakilardan ibarətdir:
- Büdcənin təşkili və müxtəlif maliyyə hesabatlarının hazırlanması;
- Lisenziyalaşdırma qaydalarında əks olunan maliyyə meyarlarının tələbləri ilə tanış olması;
- Lisenziyalaşdırma prosesi çərçivəsində lisenziya iddiaçısının (klubun) zəruri sənədlərinin hazırlanması və Lisenziyalaşdırma qrupuna təqdim olunması;
- Maliyyə "Fair Play” üzrə İT proqram vasitəsilə maliyyə meyarları ilə bağlı zəruri məlumatları UEFA-ya təqdim etməsi;
- Lisenziya iddiaçısının vergi, sosial fondlar və digər aidiyyatı qurumlarla bağlı işlərin aparılması və s.
Yuxarıda qeyd olunan məsələləri vaxtında və qüsursuz görmək yüksək peşəkarlıq tələb edir. Bunlar naşı, savadız bir adamın görəcəyi işlər deyil. Üstəlik, bu vəzifəni tutanların "ağızları möhkəm" olduğu kimi əlləri də bərk olmalıdır. Hansısa məsələ üçün 3 manat istəyənə 2 manat verənə mühasib deyilir. Yəni, bu işdə qənaətcil olmaq vacib şərtlərdəndir.
Hazırda Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klubdan 7-nin maliyyə meneceri var. Debütant "Səbail”də isə bu post vakantdır, yaxın günlərdə təyinat olacağı gözlənilir. Digər 7 şəxsdən 5-i kişi, 2-si isə qadındır.
Klubların büdcəsini fərqləndirən iki amil var - mənbə və məbləğ. Bunlar fərqli olduğu üçün maliyyə menecerlərinin də gördükləri işlər eyni deyil. Xüsusən də iki klubun – "Qarabağ” və "Qəbələ”nin durumu digərlərindən fərqlənir. Bu kollektivlərin büdcələri az qala bəzilərindən 10 dəfə çoxdur. Çox pul isə həm də çox problem deməkdir. Bu vəsaiti düzgün yönəltməyin nə qədər vacib olduğunu söyləməyə gərək yoxdur.
"Qarabağ”ın oyunlarını sakit şəkildə izləyə bilmirəm”
Yəqin ki, "Qarabağ”ın baş mühasibi Əli Əkbərovu çempionun oyunlarında görənlər olub. 1975-ci ildə Gədəbəydə anadan olsa da, artıq 14 ildir Ağdam təmsilçisinin uğurları üçün çalışır. Futbola gəlişi klubun sponsoru "Azersun Holding”lə bağlıdır. O, "Qarabağ”a keçənə qədər şirkətdə mühasib işləyib.
Azərbaycan Beynəlxalq Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsinin məzunu olan Əli bəy deyir ki, klubda iş çox, məsuliyyət isə böyük olsa da, vəzifəsinin öhdəsindən gəlməyə çalışır: "Qarabağ” böyük bir ailədir, əsas komanda ilə məhdudlaşmır. Burada çalışmaqdan çox məmnunam. Lakin düzünü deyim ki, "Qarabağ”a gələnə qədər futbolla maraqlanan biri olmamışam. Uşaq vaxtı özümüz oynamışıq, ancaq peşəkar futbol klubu tam başqa anlayışdır. İndi də demək olar ki, yalnız öz klubumuzun oyunlarına baxıram. Bir də milli komandamızın və digər klublarımızın beynəlxalq oyunlarını izləyirəm, azarkeşlik edirəm. Fanatı oluğum bir komanda yoxdur. Yəni, "Barselona”, "Çelsi” filan, belə şeylərə maraq göstərmirəm”.
Əkbərov "Qarabağ”ın oyunlarını izləyərkən həddindən artıq həyəcan keçirdiyini söyləyir: "Özümdən asılı olmadan çox həyəcan keçirirəm. Artıq oyunun axırlarına doğru səsim batır. Sabah işə gələndə görürəm ki, səsim çıxmır. Yəni, matçı sakit şəkildə izləyə bilmirəm. Bəlkə də, elə ona görə başqa futbollara elə maraq göstərmirəm. Türkiyənin 3-cü yer tutduğu dünya çempiontını xatırlayırsınız? Bax, həmin vaxtı da yaman azarkeşlik edirdim. İndi isə vəziyyət bir qədər fərqlidir, futbolun içindəyik. Ona görə də əsasən öz komandamızın – "Qarabağ”ın oyunlarını izləyirəm”.
"İstehsalat sahəsi ilə müqayisədə, futbol sektoru çox maraqlıdır”
"Qəbələ”nin də maliyyə meneceri əvvəl kluba sponsorluq edən şirkətin əməkdaşı olub. Mehman Babayev əyalət təmsilçisindən qabaq "Gilan Holding”də fəaliyyət göstərib: "1977-ci il təvəllüdlüyəm, Kürdəmirdə doğulmuşam. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunuyam. 1999-cu ildə Kommersiya fakültəsini bitirmişəm. 2008-ci ildə maliyyə üzrə magistr dərəcəsi almışam. "Qəbələ”yə qədər 10 il "Qaradağ” sement zavodunda çalışmışam. Həmçinin "Gilan Holding”də işləmişəm. Kluba gəlişim isə təsadüfi olub, CV göndərdim, qəbul etdilər. İstehsalat sahəsi ilə idmanı müqayisə etsək, ikinciyə üstünlük verərəm. Həqiqətən idman, xüsusən də futbol sektoru çox maraqlıdır. "Qəbələ” kimi klubun əməkdaşı olmaqdan da xüsusən məmnunam. Açığı, əvvələr futbola elə də çox marağım olmayıb. Yalnız böyük turnirlərə baxmışam. Almaniya milli komandasına azarkeşlik edirəm”.
Digər klublara gəlincə, "İnter”in maliyyə meneceri Elmar Qafarovdur. 1963-cü ildə Bakıda dünyaya gəlib və Bakı Dövlət Universitetinin məzunudur. 2008-ci ildə paytaxt təmsilçisin gələnə qədər "VES Consultancy” şirkətində çalışıb.
Arzu Bursiyeva "Zirə”də müvafiq vəzifəni tutur. O, 1971-ci ildə Bakıda doğulub və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.
Maliyyə menecerləri arasında klub karyerası baxımından ən stajlısı Mənsurə Məmmədovadır. O, 1992-ci ildən "Kəpəz”də çalışır, futbolumuzun "peraşki” dövrünü də görüb, böyük pulların axın etdiyi vaxtı da. Lakin etiraf etmək lazımdır ki, Gəncə təmsilçisi heç vaxt böyük büdcəyə malik olmayıb. Mənsurə xanım Kənd Təsərrüfatı Texnikumunun Mühasibat Uçotu fakültəsində təhsil alıb. O, həmçinin 15 il Gəncə Toxuculuq Kombinatında böyük mühasib və 5 il Mənzil İstismarı İdarəsində baş mühasib işləyib.
"Sumqayıt”ın maliyyə meneceri Pərviz Ömərovdur. 1985-ci il təvəllüdlüdür və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2012-ci ildə Sumqayıt təmsilçisinə gələnə qədər United Kredit Bankda çalışıb.
"Neftçi”nin SSRİ çempionatının güclülər dəstəsində bürünc medal qazandığı 1966-cı ildə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Gənzə kəndində anadan olan Qədim Əsgərli artıq 17 ildi "ağ-qaralar”a xidmət edir. O, 1986 - 1991-ci illər ərzində Azərbaycan Dövlət İqtisad İnstitutunda "İqtisadi məlumatların mexanikləşdirilmiş üsulla işlənməsinin təşkili" ixtisası üzrə təhsil alıb. 1991 - 2007-ci illərdə ədliyyə orqanlarında baş mühasib vəzifəsində çalışıb. 2010 - 2015-ci illərdə "Neftçi”nin maliyyə şöbəsinin rəisi – baş mühasib vəzifəsini yerinə yetirib.
2015-ci il mayın 1-dən "Neftçi”nin maliyyə və mühasibat departamentinin rəisi – baş mühasib vəzifəsində çalışır.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir