1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çin olmayan "Böyük "Bakı” - 2012" yuxusu - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Səkkizinci yazımıza bu cür başlıq seçmişik – "Çin olmayan "Böyük "Bakı” - 2012" yuxusu”.
1997-ci ildə "Polis Akademiyası" və "Qartal-95"in birləşməsindən yaranan klub, əvvəlcə "Polis Akademiyası", 2000-ci ilədək isə "Dinamo" adlandırılıb. 2000-2001-ci illərdə "Bakılı" ilə sövdələşib "Dinamo-Bakılı"ya çevrilən paytaxt təmsilçisi 2004-cü ildən etibarən " Baghlan Group"un himayəsinə keçib. Elə həmin ildən də klubun adı dəyişdirilib - "Bakı" varinatının üzərində dayanılıb.
İlk medal, Avropada uğursuz debüt
Hafiz Məmmədovun sehrli çubuğu toxunana qədər komanda artıq avrokubokda siftə etməyə macal tapmışdı. 1997/1998 mövsümündə Şamil Heydərovun rəhbərlik etdiyi kollektiv ölkə çempionatının bürünc medalını qazanaraq, UEFA Kubokuna vəsiqə əldə etmişdi. Gəl ki, I təsnifat mərhələsində Rumıniyanın "Arces Piteşti" komandası ilə qarşılaşan paytaxt təmsilçisi evdə 0:2, səfərdə isə 1:5 hesabı ilə məğlub olaraq, mübarizəni erkən dayandırır.
Bundan sonra komandanın sükanı arxasına Ruslan Abdullayev gətirilir. Lakin onun rəhbərlik etdiyi kollektiv ardıcıl 2 mövsüm 6-cı yeri tutur və yenə baş məşqçi dəyişikliyi gerçəkləşir. "Dinamo” Ruslan bəyin oğlu Elxan Abdullayevə həvalə edilir. Ancaq həmin dövrdə klublarla AFFA arasında yaranan narazılıqdan dolayı çempionat baş tutmur. 2003/04 mövsümündə isə komandanın gücü 5-ci olmağa yetir.
Hafiz Məmmədovla başlayan yeni dönəm
Ölkə başçısı İlham Əliyevin Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq etməsindən sonra "Dinamo”nun da üzərinə günəş doğur. "Baghlan Group"un himayəsinə keçib, "Bakı”ya çevrilən klub Hafiz Məmmədovun öndərliyində yeni dönəmə qədəm qoyur.
Elxan Abdullayevin 2004/05 mövsümünün ikinci həftəsində aldığı ilk məğlubiyyət onun istefaya göndərilməsi ilə nəticələnir. Baş məşqçi postuna Əsgər AbullayevİN təyin edilməsi, heyətə Fernando Peres, Leandro Qomeş, Andre Ladaqa kimi legionerlərin, eləcə də ölkənin bir sıra aparıcı futbolçuları cəlb olunması böyük hədəflərdən xəbər verirdi. Yekunda komanda çempionatda 5-ci yeri tutsa da, Azərbaycan Kubokunu qazanır. Finalda "İnter”i 2:1 hesabı ilə məğlub edən "Bakı” UEFA Kubokuna düşür. Lakin burada Slovakiyanın "Jilina” komandasını keçmək mümkün olmur – 1:0, 1:3.
2005/06 mövsümündə komanda qarşıya qoyulan məqsədə çatır. Lakin qızıl medallar Abdullayevə deyil, xələfinə nəsib olur. Yarışın sonuna 8 tur qalmış "Bakı”nın sükanı arxasına keçən Böyükağa Hacıyev zəfərin memarı kimi tarixə düşür. Gəl ki, onun komandası Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstan "Sioni”sini keçə bilmir – 1:0, 0:2.
2006/07 mövsümünü 3-cü sırada bitirib, İntertoto Kubokuna yolanan "zolaqlılar” bura da da uğursuzluqla üzləşdilər. I təsnifat mərhələsində Moldova "Daçiya”sı ilə üz-üzə gələn bakılılar hər iki görüşdə 1:1hesabı ilə heç-heçə edib, penlatilərdə uduzdu – 1:3. Bundan sonra rəhbərlik Hacıyevi Hacıyevski ilə əvəzlədi.
Litvaya "Barselona” kimi gedən "Bakı"
Ölkə çempionu olub, Azərbaycan kubokunu muzeyinə aparan "Bakı”nın növbəti hədəfi avrokuboklarda uğur qazanmaq idi. Bu məqsədə çatmaq üçün tanınmış məşqçiyə ehtiyac duyulduğuna qərar verən rəhbərlik makedoniyalı Qyoko Hacıyevski ilə anlaşır.
Komanda mövsümə o qədər inamlı başlayır ki, Şahin Diniyevin istefasından sonra Haciyevski Azərbaycan yığmasını da 3 oyuna çıxarır. Lakin millinin daimi baş məşqçisi olmaq arzusu ürəyində qalır. AFFA Berti Foqts variantına üstünlük verir. Digər tərəfdən "Bakı” sürpriz şəkildə ölkə çempionatında 8-ci yeri tutur, avrokubokdan kənar qalır.
Hacıyevskili "zolaqlılar” 2008/09 mövsümündə arzusuna çatır. Komanda qızıl medalları qazanmaqla yanaşı, Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayır və tarixində ilk dəfə növbəti raunda yüksəlir.
Litvanın "Ekranas”ı ilə qarşılaşan "Bakı” səfərdə 2:2-lik heç-heçə edib, evdə 4:2 hesabı ilə qalib gəlir. Həmin vaxt paytaxt klubunun mərhələ keçməsi qədər, paytaxt klubunun səfərə geniş heyətlə getməsi yaddaşlarda iz buraxır. "Bakı”nın Litvaya "Barselona” kimi getməsi bənzətməsi indi də xatırlanır.
Bundan sonra III təsnifat mərhələsində Bolqarıstan "Levski”si ilə üz-üzə gələn "zolaqlılar”evdə qolsuz bərabərə qalıb, səfərdə 2 cavabsız qolla uduzur və mübarizəni Avropa Liqasında davam etdirir. Ancaq burada da İsveçrənin "Bazel” komandasının önündə duruş gətirmək olmur – 1:3, 1:5.
"Böyük "Bakı" 2012" – süqutun başlanğıcı
Klub prezidenti Hafiz Məmmədov hələ 2008-ci ildə Türkiyədən bir neçə futbol mütəxəssisini Bakıya dəvət edir. İşçi qrupunun ilk işi klubun rəsmi saytı və jurnalının yenilənməsi olur. Tezliklə prezidentin şəxsi nəzarəti ilə "Böyük "Bakı"- 2012" layihəsi hazırlanaraq təsdiqlənir. Layihənin ilk bəhrələrini isə 2010-cu ildən etibarən görüləcəyinə söz verilir, aşağı yaş qruplarında 8 komanda formalaşdırılır. Layihənin tərkib hissələrindən biri isə klubun baza və stadionunun inşası olur. 2012-ci ilə kimi "Bakı" yeniyetmə və gənclərdən təşkil olunmuş komandalarının məşq etməsi üçün standartlara uyğun baza və stadion tikilməsi nəzərdə tutulur. Məkan kimi isə Biləcəridə Delfin Hotelin yerləşdiyi ərazi seçilir.
Həmin dövrdə həqiqətən də "Bakı” gözəl baza tikir, akademiyada görülən işlər öz bəhrəsini verməyə başlayır. Lakin klubun öz yetirmələri bir şəkildə əsas heyət üzvünə çevirilə bilməməsi öz yerində, rəhbərlik baş məşqçiləri əlcək kimi dəyişməyə başlayır: Bülənt Korkmaz, Cüneyt Biçər, Vinfred Şefer, Aleksandr Starkov, Novruz Əzimov, Bojidar Bandoviç, Milinko Pantiç, ibrahim Uzunca...
Epalle rüsvayçılığı
"Bakı” xaos dönəmində iki dəfə Azərbaycan kubokunu qazan bilir. Özü də, hər iki halda komanda müvəqqəti baş məşqçilərlə buna nail olur. 2009/10 mövsümündə Hacıyevskinin yerinə gələn Bülənt Korkmazı aşağı yaş qrupları üzrə koordinator olan Biçər əvəzləyir. "Bakı” onun rəhbərliyi altında ölkə kuboku ilə yanaşı, çempionatın gümüş medallarını əldə edir. Lakin rəhbərlik avrokubokda komandanı Şeferə tapşırır. Burada isə hələlik Azərbaycan futbolunda nadir olan rüsvayçılıq yaşandı.
Avropa Liqasının II təsnifat mərhələsində Çernoqoriya təmsilçisi "Buduçnost”u ilə qarşılaşanan "zolaqlılar” evdə 2:1 hesabı ilə qalib gəlib, səfərdə eyni formada uduzdu. Ancaq UEFA Bakıdakı görüşün nəticəsini ləğv edib, paytaxt klubuna texniki məğlubiyyət verdi. Səbəb isə yeni transfer Joel Epallenin cəzalı olduğu halda meydana çıxması idi...
Biçərdən sonra 2011/12 mövsümündə Starkovu əvəzləyən Əzimov da Azərbaycan kubokunu qazanıb, Avropa Liqasına düşdü. Lakin burada Sloveniya "Mura”sı təmsilçimizdən üstün oldu – 0:0, 0:2.
Hola, "Atletiko” – Bonjour, "Lans” – Əlvida, "Bakı”!
"Bakı” avrokuoklarda arzusuna çatmasının fonunda Hafiz Məmmədovun adı Avropada tanınmağa başlamışdı. "Atletiko” ilə iş birliyi, "Lans”ın səhmlərinin satın alınması...
Vəziyyət o yerə çatmışdı ki, "Atletiko” qazandığı La Liqa kubokunu paytaxtıma gətirib, "Bakı” ilə yoldaşlıq oyunu keçirirdi, "zolaqlılar”ın gənc üzvləri Madrid təmsilçisinin düşərgəsinə yollanırdı.
Artıq "Bakı” unudulmuş, şəxsi hədəflər böyümüşdü. Gəl ki, gözlənilmədən vəziyyət dəyişdi. Hafiz bəyin biznesi iflasa uğradı. Və 2015-ci il mayın 9-da AFFA 2015/16 mövsümündə Premyer Liqada iştirak etmək üçün "Bakı”ya lisenziya vermədi...
"Bakı” indi də yaşayır: Xatirələrdə böyük, reallıqda həvəskar formada mövcudluğunu qoruyan bir "Bakı”mız var. Bir də Mahir Mədətovun, Namiq Ələsgərovun, Rəhman Hacıyevin, Nurlan Novruzovun və digərlərinin timsalında "Böyük "Bakı" -2012"nin meyvələri. Kim bilir, bəlkə, xoş günlərin birində "zolaqlılar” geri döndülər...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir