"Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov futbolçu Nicat Muxtarovun həbs olunduğu müddətdə klubun ünvanına səslənən ittihamlara cavab verib.
Sportnet.az-ın məlumatına görə, klub rəsmisi Azərbaycan Radiosunda yayımlanan "İdman” radiojurnalı verilişində, oğurluq etdiyi üçün həbs olunmuş oyunçu ilə müqaviləyə xitam verildiyini açıqlayıb. O deyib: "Haradan bilirlər ki, biz Nicat Muxtarovun yanında olmamışıq? Bizim futbolçu cinayət məsuliyyətinə cəlb olunub. Biz necə açıqlama verə bilərik? Kim evində oğlu nəsə edəndə onu üzə çıxarmağa çalışır? Biz daim Nicat Muxtarovun yanında olmuşuq, dəstək göstərmişik. Dekabr ayının sonunda isə onunla görüşüb, müqaviləyə qarşılıqlı şəkildə xitam vermişik. Baş məşqçi onunla çalışmaq istəmədi”.
Aparıcının "Sumqayıt”ın "Nicat Muxtarov özü cəriməsini ödəsin” açıqlamasını xatırlatmasına isə baş menecer belə reaksiya verib: "Futbolda belə bir qayda, sanksiya, kodeks var ki, futbolçu oyun qaydalarına zidd olan yerdə qırmızı vərəqə alırsa, cəriməni özü ödəyir. Bunu şərti olaraq etmişik. Muxtarov hələ də cəriməni ödəməyib. Biz ödəyəcəyik, bizim boynumuzdadır”.
Sultanov son günlər məşqçi Bəxtiyar Musayevin klubun ünvanına səsləndirdiyi ittihamları da cavablandırıb: "Hansı futbolçu gəlib "Sumqayıt”da "şikəst” olub? Ruslan Qurbanov gəldi bizə, qayıtdı "Neftçi”yə, oradan da "Qəbələ”yə. Cavid İmamverdiyev hansı durumda idi, indi hansı vəziyyətdədir. Mirsahib Abbasov bir il bizim komandada oldu. Bir il də qalsaydı, indikindən də yaxşı vəziyyətdə olacaqdı. Hansı futbolçunu ki, icarəyə götürmüşük, hamısı ölkənin ən yaxşı komandalarında oynayır. Ağabala Ramazanov bizdə oynadı, inkişaf etdi, milli komandaya düşdü. Bunlar hamısı göz önündədir”.
Qeyd edək ki, Nicat Muxtarov 2017-ci il sentyabrın 9-da və 15-də Sumqayıt telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, oktyabrın 6-da şərti azadlığa çıxıb.