"Neftçi" klubunun kapitanı Ruslan Abışov "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları yoxlama matçından sonra brifinq keçirib. Sportnet.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə oyunu dəyərləndirib...
- Bu, yoxlama oyunu idi. Bir həftədir ağır məşqlər keçirdik. Yükləmələr çoxdur. Məncə, bu, normaldır. Sabah da məşqlərimiz olacaq. Antalya toplanışında daha çox taktiki və rəqiblərlə oyunlara fikir verəcəyik. Əsas odur ki, "Kəpəz"lə üçüncü dövrənin ilk turunda keçirəcəyimiz oyuna yaxşı vəziyyətdə çıxaq. Azərbaycan Kubokunda isə finala çıxmaq istəyirik. "Qəbələ" ilə matç bizim üçün erkən final olacaq. Yaxşı hazırlaşmalıyıq. Əsas odur ki, futbolçularımız zədələnməsinlər. Yəqin ki, komandaya bir-iki futbolçu da qoşulmalıdır. Onların da gəlişindən sonra yaxşı bir komanda ilə mövsümün ikinci yarısına hazırlaşacağıq.
- "Neftçi"də yeni oyunçulara çoxmu ehtiyac var?
- Bununla bağlı baş məşqçimiz Tərlan Əhmədov təqdimat verib. Əlbəttə, biz də istərdik ki, komandamızda yaxşı futbolçular, yaxşı legionerlər olsun. Gözləyirik. Yəqin ki, "Neftçi"yə layiq futbolçular olacaqlar.
- Səncə, qış fasiləsindən sonra "Neftçi" daha yaxşı çıxış edə biləcək?
- Sözsüz ki, medalçılar sırasında olmaq istəyirik. Düzdür, bu, çətin görünür. Amma sonadək mübarizə aparacağıq. Avropa Liqasına vəsiqə üçün ən asan yol kubokdur. Çətin rəqiblə düşmüşük, amma hər şey özümüzdən asılı olacaq. Məncə, yaxşı hazırlıq keçsək, kuboku qazana bilərik.
- Milli komandanın təlim-məşq toplanışına baş məşqçi Qurban Qurbanovdan dəvət gözləyirsən?
- Əlbəttə. Əvvəlki baş məşqçi Robert Prosineçkinin dövründə oynamırdım. İndi Prosineçki barədə danışmaq istəmirəm. Amma Qurbanovun rəhbərliyi altında yenidən öz mövqeyimdə oynamaq və milliyə xeyir vermək istəyirəm. Hər şey özümdən asılıdır. Zədələr baş verməsə və yaxşı formada olsam, yığmaya çağırılacağam.
- Söhbət, Qurban Qurbanovdan düşmüşkən, yeni baş məşqçinin gəlişindən sonra millidə müsbətə doğru dəyişikliklərin baş verəcəyinə ümid edirsən?
- Qurban müəllim Azərbaycan futboluna kifayət qədər bələddir. Məncə, yaxşı nəticələr əldə olunacaq. Hamımız buna inanırıq. Çalışacağıq ki, 2020-ci il Avropa çempionatının seçmə mərhələsinə və Millətlər Liqası ərəfəsində iddialı vəziyyətə çataq.
- Klubun düşərgəsindən milliyə qoşulmaq "Neftçi"yə problem yaratmayacaq?
- Düzdür, hardasa problem yaradır. Amma artıq buna öyrəşmişik. Çünki illərdir milli komanda ilə klublar arasında belə bir anlaşma sistemi qurulub. Yəqin ki, bir həftədən sonra, dəvət alsaq, millinin toplanışına qoşulacağıq və yenidən kluba qayıdaraq, "Kəpəz"lə matça hazırlaşacağıq.
- Demək olarmı ki, "Neftçi" - "Qəbələ" cütünün qalibi Azərbaycan Kubokunun favoriti olacaq?
- Mən digər yarımfinal cütündən "Sumqayıt"ı da iddialı sayıram. Artıq "Keşlə"nin də yaxşı heyət qurduğu və yaxşı baş məşqçiyə malik olduğu görünür. Bizim üçün əsas məsələ öz oyunumuz olacaq. Yenə deyirəm, erkən finalda "Qəbələ"ni keçsək, final matçı daha rahat alınacaq.
Təbriz QULİYEV