"Vüqar Nadirov cəzalandırılmayıb, öz istəyi ilə əvəzedici komandada oyuna çıxıb”.
Bunu Sportnet.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Samir Əliyev futbolçu Vüqar Nadirovun Azərbaycan Pemyer Liqasının XVII turunda əsas komandanın heyətində "Qəbələ”yə qarşı çıxış etməməsinə münasibət bildirərəkən deyib.
39 yaşlı mütəxəssis "Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri görüşdə Nadirovun əvəzinə başqa futbolçulara şans verməyi məqsədəuyğun saydığını bildirib: "Onun mövqeyində çıxış edən bir çox oyunçumuz var. İki hücumçu ilə çıxış edən zaman Fəhmin Muradbəyli limitə düşən futbolçu kimi meydanda olur. Həmçinin, qış fasiləsində transfer etdiyimiz türkmənistanlı forvard Vaxıt Orazsaxedova şans verməyi lazım bildik. Nadirov "18-liy”ə düşmədiyi üçün özü əvəzedici komandada çıxış etmək istədi. Nəticədə əvəzedicilərimizin "Qəbələ”ni 4:3 hesabı ilə məğlub etdiyi qarşılaşmada 3 qol vurdu".
Əliyev bildirib ki, 31 yaşlı hücumçunu ehtiyatda saxlaması "Səbail"in XVI turda "Qarabağ"a 0:1 hesabı ilə uduzmasına görə deyil: "Vüqarla bağlı heç bir problem yoxdur. Sadəcə, bu dəfə belə alındı. Matçlar zamanı ona və ya digər futbolçulara irad bildirməyim, hansısa göstəriş verməyin normaldır. Hamıya şans verməyə çalışırıq. Ola bilər ki, növbəti turda Nadirovla Orazsaxedov kənarda qalsın, Nurlan Novruzov oynasın. Yəni, hər şey mümkündür”.
Qeyd edək ki, "Səbail"də əsas kapitan Eltun Yaqublunun yoxluğunda bu funksiyanı Vüqar Nadirov yerinə yetirib. "Qəbələ" ilə əsas komandaların oyununda "18-liy"ə belə düşməyən Nadirov əvəzedicilərin qarşılaşmasında "qırmızı-qaralar"ı 3 dəfə məyus edib.