
2019-2020 mövsümündən İngiltərə Premyer Liqasında qış fasiləsi tətbiq ediləcək.
Sportnet.az-ın "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə İngiltərə Futbol Assosiasiyası (FA) ilə Premyer Liqa arasında razılıq əldə olunub. Fevralın əvvəlindən başlayacaq fasilə azı 13 gün davam edəcək. Bu, İngiltərə Kubokunun 5-ci raund qarşılaşmalarının həftənin ortasına keçirilməsi və yenidən oyunların ləğvi hesabına gerçəkləşəcək.
FA belə addımı klubların avrokuboklar, yığmanın isə beynəlxalq yarışlardakı nəticələrinin daha da yaxşılaşdırılması naminə atmağa hazırdır. Lakin assosiasiya oyunların təxirə salınması səbəbindən telekanallara kompensasiya ödəyəcək.
Qeyd edək ki, yeniliyin Çempionşipdə tətbiqi isə mümkün olmayacaq. Çünki bu yarışda 24 komanda 46 tur çıxış edir.