"Azərbaycan yığması topla oynamağı sevən komandadır”. Bunu Bakıdakı yoldaşlıq oyunundan əvvəl Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko demişdi. 54 yaşlı mütəxəssisin bu fikirlərindən sonra komandasının Azərbaycan yığmasının oyun tərzinə qarşı müəyyən taktika seçəyi məlum idi.
Belə də oldu: qapandılar və sürətli əks-hücumlarda oynamağa çalışdılar. Oyuna hesab nöqteyi-nəzərindən yanaşsaq, rəqiblərimizin taktikasının özünü doğrultduğunu deyə bilərik.
Amma aydın məsələdir ki, yoldaşlıq görüşlərində hesab birinci dərəcəli məsələ deyil. Təbii ki, milli komanda oynayır, üstəlik, evdə. Bu baxımdan, hesabı da əhəmiyyətsiz saymaq olmaz. Amma təkrarən qeyd edirəm: yoldaşlıq görüşlərində əsas məsələ oyunçuların hazırlıqlarını yoxlamaq, taktiki gedişləri sınaqdan keçirmək və bu taktikalara uyğun gəlib-gəlmədiklərini müəyyənləşdirməkdir.
Elə çağırılan oyunçulara baxanda da bilinirdi ki, onlar yoxlama, tanışılıq məqsədi ilə çağırılıblar. Diqqət edək: Milliyə dəvət alan oyunçulardan yalnız 5-i "Qarabağ”ın futbolçusudur. Çempionatın lideri, üstəlik, ən yaxın rəqibini 10 xal qabaqlayan liderdən cəmi 5 oyunçu? Qəribədir, deyilmi? Robert Prosineçki və Berti Foqts "Qarabağ”dan daha çox oyunçu çağırırdı. Qəribə görünən digər səbəb isə budur ki, Qurbanov həm də "Qarabağ”ın baş məşqçisidir, futbolçularının cikinə də, bikinə də bələddir. Yığmada çalışan klub baş məşqçisi də (düzdür, bu cür hallar azdır) istəyər ki, öz əlinin altındakı futbolçuları inkişaf etdirsin.
Bütün bu qəribə görünən səbəblərin bir izahı var ki, başqa komandalardan daha çox oyunçu çağırıbsa, deməli, baş məşqçi onları daha çox tanımaq istəyir. Həm futbolçu, həm də insan kimi. Ki, gələcəkdə əsas oyunlar zamanı qərarını verəndə səhv etməsin.
* * *
Yoxlama oyunu həm də əsas heyəti müəyyənləşdirmək və əsas taktikanı seçmək baxımından da əhəmiyyətlidir.
Taktika demişkən, yığmamızın düzülüşü 4-2-3-1 şəklində görünürdü. Müdafiə sağdan sola: Pavel Paşayev - Maksim Medvedev - Ruslan Abışov - Şəhriyar Rəhimov. Onların önündə dayaq zonasında Coşqun Diniyevlə Riçard Almeyda oynayırdı. Yarımmüdafiə üçlüsü sağda Namiq Ələsgərov, mərkəzdə Cavid İmamverdiyev, solda isə Ruslan Qurbanov idi. Tək hücumçu kimi Amil Yunanov çıxış edirdi.
Ümumiyyətlə, taktika hansı olursa-olsun, burada əsas məsələ ifaçılar, oyunçu potensialıdır. Oyunçularımızı isə rəqiblə müqayisə edəndə, təəssüf ki, bu, xeyrimizə olmur. Adi bir nümunə ilə bunu izah etməyə çalışaq: 50-ci dəqiqədə əks-hücumda top Cavid İmamverdiyevə düşdü. Amma o, nə etdi? Əvvəlcə topun qəbulunda səhvə yol verdi, sonra da bərbad ötürmə ilə hücumu heçə endirdi. Əvəzində bundan 4 dəqiqə sonra Belarus yığmasının oyunçusu İqor Staseviç bənzər epizodda necə oynamağın lazım olduğunu hərəkəti ilə izah etdi. O, topu ustalıqla qəbul edib əla ötürmə ilə komanda yoldaşı Denis Laptevi Kamran Ağayevlə üz-üzə qoydu. Yalnız qapıçımızın ustalığı bizi ikinci qoldan xilas etdi.
Amma bədbinliyə də qapılmaq olmaz. Bəzi epizodlarda komandamızın yaxşı hücumlar təşkil etdiyinə şahidlik edirdik. Onlar təzyiq altında bir-birilərinə ötürmələr verir, hücumu başa çatdıra bilirdilər. Ayrı-ayrı oyunçulara gəlincə, fikrimcə, Namik Ələskərov oyunda ən yaxşılardan idi. Bu siyahıya Ruslan Abışovu, Kamran Ağayevi, Pavel Paşayevi də əlavə etmək olar. "Oyunda Rəşad Sadıqovun yeri əməlli-başlı görünürdü” desəm, zənnimcə, yanılmaram. Hiss olunur ki, komandada lider çatışmır. Belə bir məsəl var: "Yalnız axmaqlar fikirlərini dəyişmirlər”. Əgər Canluici Buffon fikrini dəyişirsə Rəşad niyə dəyişməsin? Xatırlayıram ki, Aleks Ferqyuson da "Mançester Yunayted”dən getməyə qərar verəndən sonra fikrindən daşındı və daha bir neçə il komandada qaldı. Belə misallar çoxdur.
* * *
Oyunun şərhindən danışsaq, Rüstəm Əfsərli şəxsən mənim bəyəndiyim şərhçilərdəndir. Səsinin tonu da şərhçilik üçün əladır. Yalnız bir şeyi başa düşmək olmur... Aydındır ki, şərhçi mütəxəssis olmadığından, yüksək səviyyəli oyunu taktiki cəhətdən çözmək iqtidarında deyil. Niyə bizim kanallar şərh zamanı mütəxəssis dəvət etmirlər? Məsələn, Aslan Kərimov görüşdən əvvəl və sonra oyunu taktiki cəhətdən analiz edir. Bu, yaxşı haldı. Amma bunu şərh zamanı, isti-isti edə bilməzmi?
Bəzən hətta jurnalistlərin Almaniya, İspaniya, İngiltərə çempionatlarındakı oyunlarını analiz etmələrinin şahidi oluruq. Məşədi İbadın "Tarixi-Nadir”i yarıyacan oxuduğu sözlərə bənzəməsin – mən dəfələrlə məşqçiliyə aid kurslarda, seminarlarda iştirak etmişəm, müəllimlərim arasında dünya futbolunun aparıcı ölkələri Hollandiya, Almaniyadan gələn mütəxəssislər olub, özümün məşqçi diplomum var, ancaq yenə də taktika barədə nəsə yazanda xeyli ehtiyat edirəm. Çox vaxt da çalışıram ki, bu barədə az yazım. Çünki etiraf edirəm ki, bilmədiklərim də var.
Amma şərhçilərin uzun-uzadı, mütəxəssislər kimi adlı-sanlı komandaların oyun tərzlərini analiz etmələrini görəndə, buna təəccüb etməmək olmur. Bəzən hətta mütəxəssis də komandaların taktikasını tam çözə bilmir. Amma hər halda qismən də olsa, araşdıra bilər. Əks halda, ortaya qeyri-ciddi, mənasız söhbətlərdən başqa bir şey çıxmaz. Bu baxımdan, "CBC Sport”un Aslan Kərimovu dəvət etməsi alqışalayiqdir. Amma təkrar yazıram ki, bu, oyun zamanı olsa, daha sanballı iş ortaya çıxar.
* * *
Türkiyə çempionatında mütəxəssislər komandaların şanslarını dəyərləndirərkən, çempionluğa ən real namizəd kimi, heyətinə görə, "Başakşehir”lə "Beşiktaş”ı göstərirlər. Favorit kimi "Qalatasaray”ı da qeyd edirlər. Amma heyətinə yox, Fatih Terim amilinə görə. Biz də, zənnimcə, Azərbaycan yığmasının şanslarını dəyərləndirərkən, təkcə heyət baxımından imkanlarımızı hesablamamalı, bura Qurban Qurbanov amilini də əlavə etməliyik. Şəxsən mən proqnozlarımda həmişə bu amili nəzərə alıram.
Lakin Qurbanovu bütləşdirmək də olmaz. Heç özü də bunu istəməz. Təbii ki, lazım gələndə tənqid də olunacaq. Bu, qaçılmazdır. Diqqət mərkəzində olan şəxssənsə, müsbət və mənfi fikirlər həmişə olacaq. Buna qarşı çıxan olsa da, olmasa da.
İnsan mənfiləri ilə, müsbətləri ilə, doğruları ilə, yanlışları ilə insandır...
Vüqar MƏMMƏDOV