Topaz Premyer Liqasının 2018/2019 mövsümünün "Sumqayıt”la "Neftçi” arasındakı açılış oyunu legioner baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi”ni ilk turun qarşılaşmasına çıxaran Roberto Bordin Premyer Liqada işinə uğurla başlayıb. İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi komanda səfərdə 2:0 hesabı ilə qalib gəlib. Bordin Azərbaycan çempionatları tarixində komandasını meydana çıxaran 54-cü əcnəbi baş məşqçi olub. Onadək 53 legioner baş məşqçi və ya baş məşqçi əvəzi bu funksiyanı yerinə yetirib.
"Neftçi”nin baş məşqçisi çempionatlar tarixinə ikinci italiyalı kimi düşüb. Onadək "Xəzər Lənkəran”a müvəqqəti rəhbərlik edən Covanni Melkiorre 1 matçda komandaya göstərişlərini verib.
Bordin "Neftçi”nin tarixinə Premyer Liqadakı 4-cü əcnəbi baş məşqçi kimi düşüb. İtaliyalıya qədər çexiyalı Vlastimil Petrjela, ukraynalı Anatoli Demyanenko və almaniyalı Hans Yurgen Gede "ağ-qaralar”a rəhbərlik edib.
Qeyd edək ki, "Sumqayıt”la oyun "Neftçi”nin Azərbaycan çempionatlarında yubiley – 750-ci matçı kimi əlamətdar olub.