"Hər iki komanda qələbə qazanmaq istəyirdi. İlk turlardakı məğlubiyyətlərdən sonra oyuna yaxşı köklənmişdik. Hamımız yalnız qalibiyyət haqda fikirləşirdik".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Fəhmin Muradbəyli Topaz Premyer Liqasının III turunda "Keşlə" üzərində 2:1 hesablı qələbə qazandıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Gənc yarımmüdafiəçi bildirib ki, hesabda 2:0 öndə olduqdan sonra rəqib daha sərt oynamağa başlayıb: "Bu, futboldur, başa düşüləndir. Onlar da qələbə qazanmaq istəyirdilər. Ötənilki "Səbail" daha yaxşı çıxış edirdi. Bu il yay toplanışında 2-3 oyunçu bir gəldi, 15 gündən sonra yeniləri oldu. Yəni, komanda şəklində uyğunlaşmağa vaxt lazımdır. Məşqlərdə də bir-birimizi daha yaxşı başa düşməyimiz hiss olunur. Qarşıdakı matçlarda bundan da yaxşı oyun göstərməyə çalışacağıq. Hər bir komandanı məğlub edəcək gücdəyik. Hər bir futbolçu komanda şəklində mübarizə aparmağı bacarsa, qalib gəlməsək də, uduzmarıq".
Muradbəyli matçın gedişində "Səbail"in futbolçuları - Yevgeni Koçukla Edqar Paçexonun və Maudo Jarjue ilə Tomi Kitanovskinin bir-birilərinə irad bildirmələrinə də toxunub: "Oyunda hisslərini cilovlaya bilmirdilər. Onların özləri ilə də söhbət etdim. Qələbə qazanmaq istədikləri üçün aqressiv idilər. Bir-birilərinə irad bildirirlər ki, məğlub olmayaq".
Yarımmüdafiəçi məqsədinin müqavilə ilə məxsus olduğu "Neftçi"yə dönmək olduğunu söyləyib: "Müqavilə əsasında bir illik icarədəyəm. "Neftçi" doğma klubumdur. Burada daha da yaxşı oyun göstərib, ora qayıtmaq istəyirəm. "Neftçi" çempion ola bilər. Onlara uğurlar arzulayıram".