1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi”yə qarşı oynamaq onlar üçün ikiqat stimul idi"
"Neftçi”nin ilk Azərbaycan çempionluğunu rəsmiləşdirdiyi gündən 26 il ötür.
Sportnet.az xəbər verir ki, 1992-ci ilin bu günü "ağ-qralar” tarixi uğura imza atıb. Tovuzun "Turan” klubu ilə 1:1 hesablı heç-heçə sona 1 tur qalmış çempionluğu rəsmiləşdirmək üçün kifayət edib.
Respublika stadionunda 5000 tamaşaçının izlədiyi oyunun 42-ci dəqiqəsində Samir Ələkbərov hesabı bərabərləşdirməklə "Neftçi”yə "qızıl”ı gətirən xalı qazandırıb.
Prezidenti Aydın İbrahimov, rəisi Çingiz İsmayılov və baş məşqçisi Əhməd Ələsgərov olan komandaya çempionluğu bu futbolçular qazandırıb: qapıçılar – Dmitri Kramarenko, Etibar Şükürov, müdafiəçilər – Əsgər Abdullayev, Emin Ağayev, İqor Getman, Arif Əsədov, Vladislav Nosenko, Faiq Cabbarov, Zaur Babayev, Ramazan Ağayev, Novruz Əzimov, yarımmüdafiəçilər – Rasim Abuşov, Mais Əzimov, Yunis Hüseynov, Ərani Beydiyev, Bəxtiyar Musayev, Təbriz Həsənov, Elşən Qəmbərov, Rauf Bayramov, hücumçular – Samir Ələkbərov, İlham Qəmbərov, Nurəli Əsədov.
Klubun ovaxtkı prezidenti Aydın İbrahimov və futbolçuları – Yunis Hüseynov, Samir Ələkbərov, Arif Əsədov, Əsgər Abdullayev, İqor Getman ilk çempionluqla bağlı təəssüratlarını "Neftçi”nin rəsmi saytı ilə bölüşüblər.
Aydın İbrahimov: "Sovetlər birliyi yeni dağılmışdı. Məni – güləş üzrə dünya çempionunu "Neftçi”nin prezidenti təyin etdilər. O dövrdə klubun nəzdində təkcə futbol yox, digər idman növləri də fəaliyyət göstərirdi. İdmançıların, o cümlədən futbolçuların maddi vəziyyətini sabit vəziyyətə gətirmək üçün əlimdən gələni edirdim. Hətta hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda yeni tablonun quraşdırılması üçün tələb olunan böyük vəsaiti çətinliklə tapdım. Həmin çempionluğun əsas özəlliyi onun üçün çəkilən zəhmətdir”.
Yunis Hüseynov: "Çox güclü heyətimiz vardı. Bu heyətlə SSRİ çempionatında oynamışdıq. Ona görə də həmin mövsüm bizim üçün rahat keçdi. Əsas rəqibimiz "Xəzər” idi. Sumqayıt təmsilçisinin heyətində sabiq "Neftçi”lilər – Yaşar Vahabzadə, Elxan Həsənov, Vaqif Sadıqov, Allahverdi Səfərov kimi futbolçular var idi. Üstəlik, "Xəzər”in digər üzvləri də güclü idilər. Yekunda sumqayıtlıları 5-6 xal üstələyərək çempionatı qalib kimi başa vurduq”.
Samir Ələkbərov: "Müstəqil Azərbaycanın ilk çempionatının qalibi olmaq gözəl hiss idi. Həmin mövsümdən xoş xatirələr qalıb. Çempionatda 36 qol vurmuşdum və bunda komanda yoldaşlarımın rolu böyük idi. Çətin və unudulmaz mövsüm idi”.
Arif Əsədov: "Yadımdadır, çempionatda 22 komanda var idi, iki qrupa bölünmüşdük. Maraqlı o idi ki, biz əvvəlcə növbəti SSRİ çempionatına hazırlaşırdıq, amma müstəqil Azərbaycan çempionatında iştirak etməli olduq. Asan olmadı. Çünki həmin mövsüm SSRİ çempionatının aşağı dəstələrindən gələn komandalar da iştirak edirdilər. "Neftçi”yə qarşı oynamaq onlar üçün ikiqat stimul idi. Hər səfər oyunu üçün başqa şəhərə gedəndə anşlaqla qarşılaşırdıq. Azarkeşlər öz komandalarına dəstək olmaqla yanaşı, "Neftçi”yə də baxmaq istəyirdilər”.
Əsgər Abdullayev: "Həmin mövsüm əsas rəqabət 4 komanda – "Neftçi”, "Kəpəz”, "Turan” və Sumqayıt "Xəzər”i arasında gedirdi. Hiss edirdik ki, hər bir komanda bizə qarşı ikiqat motivasiya ilə oynayır. Bəzi komandalarda, o cümlədən çempionluq uğrunda mübarizə apardığımız rəqiblərdə – xüsusilə "Kəpəz” və "Xəzər”də "Neftçi”dən gedən futbolçular var idi. Həmin futbolçular bizimlə oyunlarda özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırdılar. Həmin oyunlar çox çətin keçirdi”.
İqor Getman: "Müstəqillik əldə ediləndən sonra ilk çempionatın qalibi olmaq çox vacib idi. Həmin dövrdə "Neftçi”nin heyətində çox güclü futbolçular var idi. Bəziləri hətta bütün SSRİ futbolunda tanınırdılar. Buna baxmayaraq, çempionat gərgin keçdi. Çempion olmaq asan başa gəlmədi”.