1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rəşad Eyubovla yayda da danışmışdıq" - MÜSAHİBƏ
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Sportnet.az-ın suallarını cavablandırıb. Gənc mütəxəssis əvvəlcə hazırlıq prosesi barədə danışıb...
- Bura gəldiyimiz yanvarın 2-dən daha çox fiziki hazırlığa üstünlük veririk. Yağışlı havanın müşahidə olunduğu ilk iki gün istisna olmaqla, hər gün iki dəfə məşq edirik. İlk yoxlama matçımız yanvarın 12-də Türkiyənin "Eskişehirspor" klubuna qarşı olacaq. Bundan 4 gün sonra Qazaxıstan "Tobol"u, yanvarın 19-da isə Macarıstan MTK-sı ilə görüşəcəyik. Yanvarın 22-də kiminlə qarşılaşacağımız isə hələ dəqiqləşməyib. Komandada hamı normal məşq edir. Bir hücumçu - Aleşandre Kriştovan baxışdadır. Yoxlama oyunlarında durumuna nəzər yetirdikdən sonra qərar verəcəyik.
- Macarıstan mətbuatı son oyununuzu "Paksi"yə qarşı keçirəcəyinizi yazıb...
- Biz hələ müsbət cavab verməmişik. Çünki Macarıstanın iki klubu ilə ardıcıl qarşılaşmaq istəmirik. Amma başqa rəqib tapmasaq, elə "Paksi" ilə görüşə bilərik.
- Kriştovan necə təsir bağışlayır?
- Anqola yığmasının üzvü olan Aleşandre Polşa "Zaqlembe"sində çıxış edir. İndiyədək 3 məşqdə olub. Hələlik normal təsir bağışlayır. Transfer ehtimalı yarıbayarıdır.
- Qış fasiləsində az, amma daha keyfiyyətli futbolçular transfer etməyə başlamısınız. Fərq özünü göstərməyə başlayıb, yoxsa bu barədə danışmaq üçün hələ tezdir?
- "Sabah" yayda sıfırdan formalaşmağa başlayanda biz bir çox futbolçunu komandamızda görmək istəyirdik. Lakin kimə təklif göndərsək də, kiminlə danışıqlar aparsaq da, gəlməyə ürək etmirdilər. Amma mövsümün ilk yarısında göstərdiyimiz nəticə, fasiləyə 17 xalla 4-cü pillədə çıxmağımız daha səviyyəli futbolçuların gəlişinə şərait yaradıb. Hələlik məşqlərə yeni başlamışıq. İstər Təmkin Xəlilzadə, istərsə də Rəşad Eyubov digər futbolçular kimi özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. İnanıram ki, intensiv məşqlərin nəticəsini yoxlama oyunlarında və mövsümün ikinci yarısında da görəcəyik.
- Yeni transferlərinizə yayda da təklif göndərmişdiniz?
- Eyubovla danışmışdıq. Həmin vaxt "Sumqayıt"dan yenicə ayrılmışdı. Təklifimizə rəğmən, "Neftçi"yə keçməyə qərar verdi. Biz də bunu normal qarşıladıq. Çünki azərbaycanlı futbolçuların böyük hissəsi "Neftçi"də oynamağı istəyir.
- Komandadan ayrılanlar sırasında Elvin Yunuszadə də var. Onun oyunlardan birində əvəzlənməsinə etiraz olaraq, Antalya toplanışından imtina etdiyi bildirilir...
- Bunlar həqiqətə uyğun deyil. Yunuszadə legioner həyatı yaşamaq istəyirdi. Bir müddət klubsuz qaldığı üçün forma yığmasına ehtiyac hiss edirdi. Biz də bir təcrübəli oyunçu kimi heyətimizə cəlb etmişdik. Artıq komandamızdan ayrılıb, uğurlar arzulayırıq. Karyerasını xaricdə davam etdirməsi ən azı bir azərbaycanlı kimi ölkəmizi təmsil etməsi baxımından bizim üçün də xoş olardı.
- Mövsümün ikinci yarısınadək heyətinizə daha neçə futbolçu cəlb etməyi düşünürsünüz?
- Kriştovanla anlaşa bilsək, transfer çalışmalarımızı başa vuracağıq. Bu keçid alınmasa, hücumçu mövqeyinə digər variantları nəzərdən keçirəcəyik.
- Mövsümün əvvəllərində bir çox futbolçunun komandanıza gəlmək istəmədiyini dediniz. Çempionatın ilk yarısında bəzi futbolçularınızın I Divizion səviyyəsində olduğuna dair fikirlər də səsləndirildi. Onların da heyətdən kənarlaşdırılması və ya icarəyə verilmələri mümkündür?
- Nəzərə almalıyıq ki, komandamızı 6 futbolçu tərk edib. Hazırda 22-23 futbolçu ilə qalmışıq. Yəni, elə də geniş heyətimiz yoxdur. Üstəlik, bir neçə futbolçumuz zədəli olduqda müəyyən dəyişikliklərə əl atmalı olurduq. Ümid edirəm ki, mövsümün ikinci yarısında zədə problemi ilə üzləşməyəcəyik və optimal heyətlə çıxış edə biləcəyik.