"Ev oyunundakı qələbədən sonra səfərdə qalib gəldik. Daha məsuliyyətli olmalıydıq. Konsentrasiya itkisindən ehtiyatlanırdıq. Buna görə futbolçulara təşəkkür düşür, onları təbrik edirəm. Bir an da olsa, konsentrasiyanı itirmədilər".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda "Sabah"ı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Qurbanov bildirib ki, komandası tapşırıqlarının öhdəsindən gələ bilib: “Rəqibi analiz etmişdik. Sürətli komandaya qarşı oynayacağımızı bilirdik. 10 nəfərlə qalsalar da, oyun intizamlarını pozmurlar. Futbolçularımız verilən tapşırığın öhdəsindən gəldilər, xarakter göstərdilər.
38 yaşlı mütəxəssis matçın sonlarında gərginliyin artdığını da diqqətə çatdırıb: "Matçın sonluğunda bir az ajiotaj artdı. Qapımız önündə qol epizodu yaranmasa da, oyunu sakitləşdirmək istəyirdik. Ən önəmli olan qələbə qazanmağımız idi. Komandanın oyunundan ümumilikdə razı qaldım. Konsentrasiyanın itə bilməsinə görə bir az narahat idim. Futbolçular məsuliyyəti dərk edir. “Qəbələ”nin adına layiq futbol oynamağa çalışırıq. Bunun üçün oyun intizamı qoruyuruq. Hər qarşılaşma bizim üçün maksimum konsentrasiyadır".