"Komandamın bugünkü oyunundan razı qaldım. Hər halda, nəticə oyuna görə oldu. Bizim də qol epizodlarımız oldu, rəqibin də. Əvvəlki görüşlərlə müqayisədə daha az səhv etdik, mübarizələrdə uduzmamağa çalışdıq. Rəqibi ilk dəqiqələrdən təzyiq altında saxlamağa çalışdıq. Buna da tədricən nail ola bildik".
Sportnet.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Ardıcıl ikinci oyunda xal qazanmağınızın səbəbini nədə görürsünüz?
- Düşünürəm ki, komandanı matça yaxşı hazırlaya və kökləyə bilmişdik. Futbolçularıma təşəkkür etdim. Ancaq hələ də yaranan qol epizodlarından istifadə etməməyimiz problem olara qalır. Ən böyük problemimiz budur. Qarşıdan ağır oyunlar gəlir. Mövsümün sonuna yaxınlaşdıqca vaxt da azalır. Oyundan-oyuna inkişaf edib, nəyəsə nail olmağa çalışacağıq. Bunun üçün hələ şansımız var. Bugünkü və ötən turdakı oyun ümidvericidir.
- Birinci hissədə rəqibi irəlidə qarşıladınız. Eyni zamanda əsas ümidiniz sanki standart vəziyyətlər idi. Nədənsə, ikinci hissədə bunu meydanda görə bilmədik. Fasilədə fərqli tapşırıq vermişdiniz?
- Tapşırıq o idi ki, meydanın rəqibə aid olan hissəsində pressinq edək. Pressinq alınmayanda isə ikinci zonaya düşmək və orada rəqibi qarşılamaq lazımdır. Mən həmişə hücum futbolunu xoşlamışam. Hətta qol buraxsaq belə, istəmişəm ki, komandam hücum futbolu göstərsin. Çünki futbolun gözəlliyi hücum etmək, qol vurmaqdır. Nə qədər qol vəziyyəti yaratsan, bir o qədər həyəcan çox olur. Demək olmaz ki, bütün ümidimizi sırf standart vəziyyətlərə bağlamışdıq. Başqa silahımız da var. Amil Yunanov özünəməxsus oyun tərzinə malikdir. Onun üzərində daha çox çalışmışdıq. Qəbələ hündürlükdədir və dağlıq ərazidir. Burada adaptasiya üçün 3 gün olmalıdır, hava sıxlığında oynamaq həmişə çətindir. Çünki futbolçularda bir az oksigen çatışmazlığı hiss olunur. İkinci hissənin gedişində hiss etdim ki, komanda artıq "oturur". Belə bir tapşırıq olmamışdı. Necə başlamışdıqsa, o cür də bitirməli idik. Baş məşqçinin əli hərdən meydanın içinə çatmır. Elə hadisələr baş verir ki, ondan asılı olmayaraq, meydanda futbolçular qərar verirlər. 1 xal da qazancdır, komanda mübarizə apardı. Əvvəlki matçlarla müqayisədə bugünkü mübarizə daha xoş oldu. Komandanın istəkli olması, "Qəbələ" kimi rəqibə qarşı meydanın ona aid hissində pressinq etməsi məni sevindirdi.
- Epizodların birində çox aqressiv davrandınız. Həmin anda etirazınız nəyə idi?
- Mən orada qayda pozuntusunun olmadığını deyirdim. Sarı vərəqə alacaq aqressivlik yox idi. Mən buna əsəbiləşmişdim. Sarı vərəqə limitləri həddən artıqdır. "Neftçi" ilə görüşün 15-ci dəqiqəsində artıq 3 sarı vərəqəmiz var idi. Sarı vərəqə çox olanda da futbolçularda qorxu yaranır. Həmin qorxu oyunun gedişində mübarizələrə təsir edir. Az fit, çox mübarizənin tərəfdarıyam. Mənim xoşladığım futbol budur.
- Qış fasiləsindən sonra nədən razı, nədən narazısınız?
- Komandamız oyundan-oyuna inkişaf edir. Həyatda birdən-birə nəyəsə nail olmaq mümkün deyil. Hiss edirəm ki, komandam getdikcə istədiyim futbolu oynayacaq. Bundan əvvəlki və indiki matç bunu göstərdi. Qol epizodları çox yaradırıq. Digər tərəfdən, səhvlərdən top buraxırıq. Bəlkə də vaxt darlığına görə bu problemi yaşayırıq. Qış fasiləsindən sonra mübarizənin daha çox olması xoşuma gəlir. Futbolçularda özünəinam yaranıb, bir-birilərinə daha çox inanırlar. Qalib gələ, qol epizodlarından faydalana bilmiriksə, bu, mənim səhvimdir. Çalışacağıq ki, narazı qaldığımız bu problemi aradan qaldıraq.
- Bu mövsümlə bağlı hədəfiniz nədir?
- Hədəf oyundan-oyuna müəyyənləşir. Hər birimiz yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. "Keşlə" ötən mövsüm Azərbaycan Kubokunu qazanıb. Amma həmin heyətin ən yaxşıları və liderləri komandadan gedib. Qışa qədər 6 futbolçu ilə yollarımızı ayırdıq. Gedənlərin yerini isə gələnlərin çoxu doldurmamışdı. Biz də ötənilki kollektiv kimi bir heyət formalaşdırmağa çalışırıq. Amma mənim bu qədər zamanım yoxdur. Hədəf mümkün qədər irəliləməkdir. 3-4-cü yerlərə - hara şans varsa, onu da dəyərləndirmək istəyirik.
- Doğrudanmı qış fasiləsində istədiyiniz səviyyədə oyunçular tapa bilmədiniz?
- Reallıq budur ki, bizim "Neftçi" və "Qarabağ"ınkı qədər büdcəmiz yoxdur. Mən də komandamda 300-400 minlik futbolçunun olmasını istərdim. Ümumiyyətlə, qış fasiləsində yaxşı oyunçu tapmaq çətindir. Bəzi oyunçular var idi, amma şərtlərimiz onları qane etmədi. Eləsi var idi ki, onu çox istədik, amma Qazaxıstandan daha sərfəli təklif aldı, oranı seçdi. Zaman da yerində dayanmır. Bir futbolçunu elə olur ki, 1 həftə gözləyirik. Amma başqa təklif alır, ora gedir. Başqasını axtarana qədər də vaxt gedir. Bu baxımdan problemlər yaşadıq. Heyətə cəlb etdiklərimiz yavaş-yavaş özlərinə gəldikcə komanda normal səviyyədə olacaq.