19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının elit-raundunda II tur oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Rusiyada təşkil olunan 1-ci qrupun növbəti matçında İrlandiya ilə üz-üzə gəlib. Krasnodardakı "Kuban" stadionunda baş tutmuş görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 3:1. Millinin yeganə qolunu Kamran Quliyev vurub. Qrupun digər qarşılaşması Rusiya və Rumıniya arasında olacaq.
Amma artıq Azərbaycan millisi Ermənistanda keçiriləcək final mərhələsinə vəsiqə şansını itirib. Səbəb İrlandiyanın xallarını 6-ya çatdırmasına rəğmən, millinin cəmi 1 xalının olmasıdır. Rumıniya ilə son turun görüşündə istənilən nəticə qrup lideri olmağa kifayət etməyəcək.
İlk turda Azərbaycan Rusiya ilə qolsuz heç-heçə etdiyi halda, İrlandiya Rumıniyanı darmadağın edib - 5:0.
Qeyd edək ki, U-19 elit-raunda vəsiqəni 2018-ci ilin noyabrında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş seçmə mərhələdən əldə edib. Daha sonra bu komanda Türkiyə və İspaniyada təlim-məşq toplanışlarında olub, çoxlu yoxlama oyunu keçirib. 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibi vəsiqə qazanacaq.
AVRO-2019-un elit-raundu
II tur
1-ci qrup
23 mart
13:00. İrlandiya - Azərbaycan - 3:1
Qollar: Tayrayk Semuel Rayt, 41; Ceyson Nayt, 63; Conatan Afolabi, 85 - Kamran Quliyev, 73
Dəqiq yerinə yetirilməyən penalti: Uilyam Smolboun, 51 (İrlandiya)
Hakimlər: Adam Farkaş, Balaj Şert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)
Krasnodar, "Kuban" stadionu (Rusiya)