
“Son ev oyunumuz idi. Qalib gəlmək, son turadək mübarizə aparmaq istəyirdik. Amma alınmadı".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, dörd gündən bir oynamaq komandada yorğunluq yaradıb: "Bir neçə futbolçuya istirahət vermişdik. İlk yarıda durğun olsaq da, qol imkanı da yaratdıq. Biz imkanı qaçırsaq da, “Neftçi” hesabı açdı. Futbol belədir. İkinci hissədə dəyişikliklər etdik. Oyunun axarını dəyişmək istəyirdik. Futbolçular pis təsir bağışlamadı. İrəli baxmaq lazımdır. Məğlubiyyət həmişə pisdir. Çalışacağıq ki, son oyunda bu səhvləri etməyək".
Qurbanov "Sumqayıt"la mayın 19-da keçirəcəkləri Azərbaycan Kubokunun final matçı barədə də danışıb: "Kubokun finalına yüksəlmişik, futbolçular böyük iş görüblər. Bizə pozitivlik lazımdır. Futbolçulara sonadək mübarizə aparmağı aşılamağa çalışmışdıq. Amma zədələrdən ehtiyatlanırdıq. Bəhlul Mustafazadənin ayağında ağrılar olduğu üçün əvəzləndi. Bizə sağlam, tapşırığı yerinə yetirən futbolçular lazımdır. Çalışacağıq ki, “Sumqayıt”la həm son turun, kubokun oyununa eyni heyətlə çıxaq”.