"Qəbələ"nin futbolçusu Rauf Əliyev Azərbaycan Kubokunu qazandıqları matçdan sonra Sportnet.az-ın Naxçıvana ezam olunmuş əməkdaşına müsahibə verib.
Hücumçu əvvəlcə klubun tarixində olan ilk tulul haqda təəssüratlarını bölüşüb.
- Əlbəttə, çox böyük sevinc hissləri keçirirəm. "Qəbələ"nin tarixində ilk kuboku qazandıq. Klubumuz neçə illərdir buna yaxın idi, ancaq qazana bilməmişdi. "Qəbələ"nin tarixinə adını yazdırdığıma görə çox sevinirəm. Bu gün son şansımız idi. Həm kuboku qazanmaq, həm də bununla avrokuboklara vəsiqə qazanmaq baxımından. Bunu bacardıq. Bir daha komandanın bütün üzvləri, hər kəsi təbrik edirəm.
- Oyun necə keçdi: Erkən qol vurmağınız hesanı qorumaq baxımından işinizi çətinləşdirmədi?
- Böyük hesabla qalib gələ bilərdik. Əsasən ilk hissədə 2-3 yaxşı qol epizodumuz vardı. İkinci hissədə özüm fərqlənə bilərdim. Amma alınmadı. İlk qol bəlkə bizim üçün çox yararlı oldu ki, başlayan kimi üstünlük qazandıq. "Sumqayıt" hələ özünə gəlməmişdi. Havaya baxanda çətin oyun gedirdi. Meydanın da bəzi yerləri bizə çətinlik yaradırdı. Top qalxırdı, ağırlıq vardı. Ancaq əsas odur ki, sonda qələbə qazandıq, hər şey istədiyimz kimi oldu.
- Oyunun şərtləri əvvəldən sizin üçün çətin oldu. Bir tərəfdən cəzlaılar, xəstələnən Ceyms Adeniyinin olmaması, oyunun startına çox az qalmış isə məlum oldu ki, Dmitri Bezotosnı zədələnərək oynamayacaq. Bunlar psixoloji cəhətdən sizə təsir etmədi?
- Hər şeyə hazır idik, çünki çempionat gedə-gedə də hardasa bu oyuna hazırlaşırdıq. Bilirdik ki, bizim üçün hər şey bu matçdan asılıdır. İtkilərimiz oldu. Ancaq sevinirik ki, onların yerlərində oynayanlar etimadı layqincə doğrultdular. Bu gün əsas məqsəd kuboku qazanmaq idi, onun da öhdəsindən gəldik. Hər şey əladır.
- Oyunun sonunda özün də zədələndin, hətta başın sarındı...
- Vurğun Hüseynovla hava mübarizəsində başım partladı. Bu, futboldur, olur belə şeylər. Nə edim...
- Kuboku qazanmısınız, sevinirsiniz. Bəs bundan sonrasını düşünmüsünüz? O mənada klubun müəyyən problemləri var, gələcək taleyi sual altındadır...
- O dərəcədə ciddi problemləri heç vaxt hiss etməmişdik. Həmişə bizə deyilirdi ki, oyunlara hazırlaşın, hər şey yolundadır. Biz də heç nəyə fikir vermədən hər qarşılaşmada oynamışıq. Artıq bundan sonra necə olacağını zamanı gələndə görəcəyik.
- "Qəbələ" İlə müqavilən bitir. Təkiflərin var?
- Bəli.
- Klubdan, yoxsa başqa yerlərdən?
- Başqa təkiflərim var. Hər şey qarşıdakı günlərdə - istirahət vaxtı bilinər.