İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyes və onun əmisi oğlunun ölüm səbəbi açıqlanıb.
Sportnet.az-ın "El diario de Sevilla"ya istinadən məlumatına görə, 36 yaşlı yarımmüdafiəçiyə məxsus "Mercedes Brabus S550" maşını yoldan kənara uçaraq yanmağa başlayıb. Digər nəqliyyat vasitəsi ilə toqquşma olmayb. Faciənin ehtimal olunan səbəbi kimi sürət həddinin aşılması göstərilib. Avtomobilin hadisə zamanı hərəkət sürəti 200 km/saat olub.
Reyes və sükan arxasındakı əmisi oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün yanında oturmuş sərnişin isə yanan avtomobildən çıxaraq qurtulub. Lakin onun bədəninin 60 faizi yanıb. Hazırda Virxen-del-Rosio şəhərindəki xəstəxananın yanıq şöbəsində həkimlər onun həyatının xilası uğrunda çalışırlar.
Bu gün İngiltərənin "Tottenhem" və "Liverpul" komandaları arasında İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək Çempionlar Liqasının final matçı 1 dəqiqəlik sükutla başlanacaq.
Qeyd edək ki, Xose Antonio Reyes karyerası ərzində İspaniyanın "Sevilya", "Real Madrid", Espanyol" və "Kordova", İngiltərənin "Arsenal", Portuqaliyanın "Benfika" komandalarının formasını geyinib. O, İspaniya yığmasında 22 oyuna 4 qol vurub. "Reyes" "Sevilya" və "Atletiko" ilə üst-üstə rekord sayda - 5 dəfə Avropa Liqasını qazanıb.