
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiyanı qəbul edib. "Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka bir neçə oyunçunu keçdikdən sonra cərimə meydançasının çölündən zərbə ilə komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Lakin bu qoldan bir dəqiqə sonra Slovakiya yığmasının kapitanı Marek Hamşik fərqi yenidən 2-yə çatdırıb. İlk hissə rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İkinci hissədə də Slovakiya yığması üstün tərəf olub. 57-ci dəqiqədə Hamşik özünün 2-ci, komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.
Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-ya çatdırıb. Azərbaycan isə 3 oyundan sonra xalsızdır. E qrupunda IV turun digər oyununda Macarıstan Uelsi qəbul edəcək. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 22:45 də başlayacaq.
--------------------
Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Slovakiya yığmasını qəbul edəcək. "Bakcell Arena"da keçiriləcək matçı şotlandiyalı Con Bitonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Bu, yığmanın E qrupunda üçüncü matçı olacaq. Komanda ilk olaraq Zaqrebdə Xorvatiyaya uduzub - 1:2. İkinci görüşdə isə milli Bakıda Macarıstana məğlub olub 1:3.
Slovakiyanın heyətində Miroslav Stox səhhəti ilə əlaqədar Bakıya gətirilməyib. Komandanın baş məşqçisi Pavel Hapal daha öncə Dominik Qreyf, Samuel Mraz, Martin Xrien, Lukaş Ştetin və Laslo Benesi də 29 nəfərlik heyətdən çıxarıb. Beləliklə rəqib 3 qapıçı 20 meydan oyunçusu ilə Bakıya gəlib. Azərbaycan yığmasında isə komandaya çağırılan Eddi İsrafilov zədəlidir.
Azərbaycan millisi tarix ərzində Slovakiya ilə 6 dəfə üz-üzə gəlib. Bunların 5-də rəqib komanda qələbə qazanıb. Yığma 2011-ci ildə keçirilmiş dünya çempionatının seçmə mərhələ matçında isə Bakıda 2:0 hesablı qələbəyə imza atıb.
Qrupun digər oyununda isə Macarıstan Uelsi qəbul edəcək. Hazırda Macarıstan və Xorvatiya 6 xalla birinci və ikinci yerləri bölüşdürür. Uels ilə Slovakiyanın hərəyə 3 xalı var. İki matçdan sonra xalsız olan Azərbaycan isə sonuncu yerdədir.
AVRO-2020, seçmə mərhələ
IV tur
11 iyun
E qrupu
20:00. Azərbaycan - Slovakiya - 1:5
Qollar: Ramil Şeydayev, 29. - Stanislav Lobotka, 8. Yuray Kuçka,27. Marek Hamşik, 30. 57. David Hançko, 85
Hakimlər: Con Biton, Alan Mulvanni, Şon Karr, Donald Robertson
"Bakcell Arena".