Azərbaycan milli komandasının sabiq futbolçusu Kamal Quliyev AutoCity.az-ın "Onun arabası var" rubrikası üçün müsahibə verib.
Sportnet.az xəbər verir ki, ötənlərin tanınmış cinah oyunçusu son zamanlar barəsində yayılan söz-söhbətlərə, marşrut mikroavtobusu sürməsinə dair iddalara münasibət bildirib, maşınlara olan həvəsindən danışıb...
- Necə oldu ki, Azərbaycan millisi və bir çox tanınmış klubda parlaq karyera keçirmiş futbolçu marşrut mikroavtobusları sürəsi oldu?
- Necə oldu? Sadə! Necə ola bilər ki?! Vidadi Rzayev, Yunis Hüseynov kimi korifey futbolçularımız, hər şeylərini bu sahəyə həsr edənlər bu gün məşqçi işləmirlərsə, Kamalın da kənarda qalması heç də təəccüblü deyil. Mən demirəm Kamal dahidir, fenomendir, əjdaha olub. Xeyr! Kamal üzərinə düşən hər bir yükü qaldırmağa yetərincə gücü olacaq şəxs olub. Amma Kamal sıradan bir futbolçu olmayıb. Amma hər halda, millidə oynamışıq, futbolumuzu kənarda - Ukrayna kimi futbol ölkəsində tanıtmışıq. Digər futbolçularımızın da Ukraynaya yolunun açılması bizlərdən başladı. O yolu Kamal, orada oynayan digər azərbaycanlı futbolçular açdı. Özümüzü yaxşı tərəfdən göstərdik ki, digərlərinə də ehtiyac duyuldu. İndi Kamalın belə vəziyyətdə olması heç də sensasiya deyil, normal haldır. Bunu açıq şəkildə - heç kimdən qorxub-çəkinmədən deyirəm. Məşqçilər görmüşəm ki, onlar komandada qalmaqdan ötrü cilddən-cildə girirdilər, müxtəlif yollara əl atırdılar. Bunları görüb-eşitdikdə şoka düşürdüm. İnsan bu qədərmi acız olar? Bu işi bacarmırsan da, bu iş sənlik deyil. Arxan-dayağın varsa belə, sən bu işi görə bilməyəcəksən.
- Bu qədər maddi imkanınız - maşın və mənzilləriniz olduğu halda, onları itirdiyinizi deyirlər...
- Onlar indi də var. Kim deyir ki, Kamal futboldan qazandıqların itirib? Onlar indi də var. Bəziləri yazır ki, “Topaz” açmışdım və ya “Topaz”da uduzmuşam. Nəyin necə olduğunu özümdən soruşmaq lazımdır. Allaha şükür, evlərim də durur, hər şeyim də. Bir sürdüyüm “Range Rover”i satmışam, onu da ağıllı bir yerə istifadə etmişəm. Çox təəssüf edirəm ki, bunu gec anladım. Atam hər dəfə maşınımı dəyişəndə deyirdi: "Oğul, eləsini al ki, sənə qazanc gətirsin, səndən yeməsin". Fikirləşirdim ki, danışır da... Amma sonralar anladım ki, düzgün kəlamdır.
- Deməli, itirdiyiniz elə "Range Rover" olub?
- Nəyi itirmişəm ki?! Əksinə, ondan canımı qurtarmışam. Satışından vəsaiti sərf etdiyim yer hər gün mənə 200 manat pul gətirir. Niyə itirirəm? Bu dəqiqə gedək, o maşından daha birini alım qoyum altıma. Onda olacaq əla!? Ay Kamal təzədən qayıtdı, nə bilim “Topaz”da partlatdı... Başlayacaqlar bunları yazmağa. Kamal “Topaz” işlətməyib, sadəcə olaraq, loru dildə desək, "Topaz"a “krişalıq” edib. Oradan mənim evimə bir qara qəpik gəlməyib. Sadəcə, bəzi insanlar üçün arxa, dayaq olmuşam. Oynadığım oyundan, ad-sanımdan istifadə edərək kömək etmişəm. O vaxt mərc oyunları qanunsuz idi, hərə bir qiymət deyirdi. Mən isə nüfuzumudan istifadə edərək, 5 manatlıq işi onlar üçün 3 manata görürdüm ki, işləsinlər. Mən bunu etmişəm. Orda mənim nə uduzulası, nə veriləsi, nə də alınası pulum olub. Qardaşlar, bunu anlayın, xahiş edirəm. Sizin sayt vasitəsilə deyirəm: Bunu hamı bilsin! Bir adam gətirin, desin ki, Kamal “Topaz”da pul udub və ya uduzub. Gedək, evimdə müsahibə verim, şahid olun. 5-dən zəif yaşayıramsa, 15-dən yaxşı durumdayam. Bu gün hansı oğlanın cibinə günə 400 manat gələ bilər? Düzdür, zülümdür, əziyyətlidir. Amma hansı iş əziyyətsizdir? Asan qazanc ağ adamlar üçündür. Biz qara camaatın qazancı əziyyətlə olur. Allah atamın canını sağ eləsin. Nə yaxşı ki, vaxtında bu şeyləri almışam və o, idarə edib, saxlayıb. Qəpiyi qəpiyin, maşını maşının üstünə qoyub. Bəzi məşqçilər kimi özümü, nəslimi, ailə-uşağımı söydürmürəm ki... Bu gün özüm-özümə ağayam. İstədiyimi edirəm, istəmədiyimi yox. Amma o insanlar bundan məhrumdur. Öz fikirləri, ideyaları yoxdur.
- Mikroavtobusları nə vaxtdan sürməyə başladınız?
- Mikroavtobuslar 20-25 ildir bizdədir. 3 belə maşınımız var: Biri Sumqayıtdan Kürdəmirə, digəri Ağsuya gedir, daha biri isə Ağsudan Sumqayıta gəlir. Futbol oynadığım vaxt maşınları alıb atama vermişdim. Aldığım "Ford"u hələ də sürür. Sonradan o, mənə dedi ki, bu pulu dağıtma, ver mənə, dar günün üçün istifadə edim, gələcəkdə sənə lazım olacaq. Beləliklə, növbəti reysi aldım. Bugünlərdə isə bir dənə də reys var idi, öz istəyimlə alıb "Qataq bu birilərin gözünə" dedim. Birini atam, digərlərini isə ayrıca sürücülər idarə edirlər. Mən isə bekaram. Lazım olanda, ürəyim istəyəndə sürür, qara camaatın içində olmaqdan, onlarla söhbət etməkdən ləzzət alıram. Aralarında o qədər futbol azarkeşi var ki... Bəzilərinə maşın detalları lazım olur, aparıb çatdırıram. Bundan əsla utanmıram. Qoy utansın o məşqçilər ki, hər şeylərinidən keçirlər, söyülürlər, üzlərinə tüpürülür, sifətlərini çevirirlər. Bir parça çörəyim və şorum olsun, mənə bəsdir.
- İlk maşınınız nə vaxt olub?
- 1996-cı ildə. Əslində maşın almaq fikrim yox idi. Atam "İstəyirsən sənə bir "Jiquli" alım" dedi. Ağ rəngdə təzə VAZ-2106 götürdü. Gördü ki, əziyyət çəkirəm, məşqə gedib-gəlməyim üçün aldı. 2-3 ildən sonra onu satdım, VAZ-21099 aldım. Ardından rəhbər işçilərdən birinin 85 (Naxçıvan) seriyalı "Mercedes AMG"sini aldım. Onun maşınını gözüm tutmuşdu. Almağıma isə Ukraynada çıxış etdiyim vaxt Kiyev "Dinamo"suna qol vurmağım səbəb oldu. Nə qədər deyirdim, atam almırdı. Ukraynadan köməkçi-məşqçimiz vasitəsilə atama zəng elətdirirdim. "Kamalın əhvalı pozulub, oyunlara çıxmaq istəmir, məşqə gəlmir. O maşını al, həvəslənsin" dedizdirirdim. Atam isə "İstəyir oynasın, istəmir yox. Lap sabah biletini alsın, gəlsin" cavabını verirdi. Nə qədər yol axtarsam da, xeyri yox idi. Günlərin bir günü Kiyev "Dinamo"su ilə Ukrayna Kuboku uğrunda cavab görüşünə gəlirdik. Avtobusda danışmağa icazə vermirdilər. Kiyevdəki "Olimpiyski" stadionuna girdiyimiz vaxt atamdan zəng gəldi. Maşından endim, cavab verdim. Biləndə ki, "Dinamo" ilə oynayırıq, "Qol vuracaqsan?" deyə soruşdu. Mən isə "O maşını al, qol vurum" cavabını verim. Bu görüşdən sonra Finlandiya ilə seçmə oyun üçün Azərbaycan millisinin düşərgəsinə gələcəkdik. Atam "Qol vur, Bakıya çatan kimi hava limanından birbaşa gedib o maşını alacağam" deyə razılaşdı. Düzdür, biz 1:2 hesabı ilə uduzduq, amma komandamızın qolunu mən vurdum. Sanki dünyanı mənə verdilər. Bakıya gələn kimi də atam o maşını mənə aldı.