
Futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin üçnücü matçında "Səbail" "Zirə"ni qəbul edib. Bayıldakı "ASCO" arenada baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
Qarşılaşmanın 79-cu dəqiqəsində Yevgeni Koçuk cərimə meydançasının daxilində əllə oyuna görə təyin edilən penaltini dəqiqə yerinə yetirib.
Qeyd edək ki, açılış turunun ilk 2 oyununda qonaqlar qələbə qazanıb. "Qarabağ" "Keşlə"ni 1, "Sumqayıt" isə "Qəbələ"ni 2 cavabsız qolla məğlub edib. Tura sabah keçiriləcək "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.
--------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun daha bir oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ötən mövsümün bürünc mükafatçısı "Səbail" “ASCO Arena”da "Zirə"ni qəbul edəcək.
Avropa Liqasının birinci təsnifat mərhələsində Rumıniyanın "Universitatya" kollektivinə uduzan Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektivin heyətində bəzi dəyişiklər olub. Paytaxt klubu Kamal Bayramov, Mirsahib Abbasov (hamısı "Zirə"), Urfan Abbasov ("Qəbələ"), Turan Manafov ("Zaqatala"), Daniel Bojinovski ("Rabotniçki", Makedoniya), Mirabdulla Abbasov, Fəhmin Muradbəyli (hər ikisi "Neftçi": icarəyə), Eriko Konstantino da Silva ("Astra", Rumıniya) və Adil Nağıyev ("Sumqayıt") kimi oyunçuları heyətinə qatıb.
"Zirə" Premyer Liqa təmsilçiləri arasında heyətində yetəri qədər dəyişiklik edən komandalardandır. Qəsəbə təmsilçisi Elvin Məmmədov ("Sumqayıt"), Cavid Hüseynov, Elvin Camalov (hər ikisi "Qəbələ"), Nicat Süleymanov ("Qarabağ": icarəyə), Boyan Zaqoviç ("Baçka", Serbiya), Miloş Bakraç ("OFK Titoqrad", Monteneqro), Soni Norde ("Mohun Baqan", Hindistan), Anastasios Papazoğlu (OFİ, Yunanıstan), Alvaro Ampuero ("Universidad San Martin", Peru: icarəyə) kimi futbolçularla güclənib.
Komandalar bu vaxta qədər ölkə çempionatında 8 dəfə üz-üzə gəliblər. Bunların 2-də "Səbail", 4-də isə qonaqlar qələbə sevinci yaşayıb. İki duel isə heç-heçə yekunlaşıb. Toplarınn fərqində də Samir Abasovun komandası üstündür - 8:4.
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" səfərdə "Keşlə"ni (1:0), "Sumqayıt" isə səfərdə "Qəbələ"ni (2:0) məğlub edib. I tura sabah keçiriləcək "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.
18 avqust (bazar)
20:00. “Səbail” – “Zirə” - 1:0
Qol: Yevgeni Koçuk, 79-p.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”