"Oyuna yaxşı başlamışdıq. Heç nədən 2 qol buraxdıq. Bir xal qazanmağa çox yaxın idik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyunundan sonra deyib.
Təcrübəli qapıçı komandasının bəxtinin gətirmədiyini bildirib: "Uels kimi komandaya qarşı yaxşı oynadıq. Bir xal qazanmaq üçün bəxtimiz gətirmədi. Burada yaxşı nəticə qazanacağımıza inanırdıq. Amma alınmadı".
Ağayev Paveş Paşayevin avtoqolla hesabı açdığı epizodu belə şərh edib: "Məni eşitmədi, top özümə gəlirdi. O, heç topu görmədi. Tutmağa çıxırdım, top ona dəyib qapıdan keçdi. İkinci qolda çıxmasaydım, daha yaxşı olardımı? Rəqib futbolçu qapıya çox yaxın idi. Çıxmasam da, təhlükə olardı. Komandaya kömək etmək üçün irəli çıxdım. Həmin epizodda mənə qarşı qayda pozuntusu var idi".
Yığma sentyabrın 11-də "Bakcell Arena"da Xorvatiyanı qəbul edəcək. Ağayev müsbət nəticəyə ümid etdiklərini bildirib: "Mümkünsüz heç nə yoxdur. Yaxşı oynayıb xal qazana bilərik. Bu gün yaxşı çıxış etdik. Belə oynasaq, Xorvatiyadan xal ala bilərik".