“Zirə” Azərbaycan Premyer Liqasında 60-cı səfər qolunu vurub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, cari mövsümün IV turuna təsadüf edib. “Sumqayıt”la rəqib meydanındakı matçda vurulan ikinci qol yubiley xarakteri daşıyıb. “Qartallar”a 2:1 hesablı qələbə qazandıran topun müəllifi Şefik Tiqrudja komandanın səfərdəki 60-cı qoluna imza atıb.
Premyer Liqada 2015/2016 mövsümündə debüt edən “Zirə” özünün ilk cəhdində də, 2017/2018 mövsümündə də rəqib meydanında 15 qola imza atıb. 2016/17 mövsümündə 11 dəfə fərqlənən komanda ötən çempionatda daha çox – 17 səfər qoluna sevinib. Arxada qalan 4 çempionatdakı səfər görüşlərində 58 dəfə fərqlənən qəsəbə futbolçuları “Sumqayıt”la qarşılaşmada bu rəqəmi 60-a çatdırıb. Mövsümün ilk səfər görüşündən – “Səbail”lə matçdan (0:1) qolsuz ayrılan “Qartallar” “Kapital Bank Arena”da iki dəfə meydan sahiblərini məyus edib.
Səfərdəki 62-ci oyunda 60-cı qola imza atan komandanın məhsuldarlığı 0,97-yə bərabərdir.
Qeyd edək ki, “Zirə” Premyer Liqadakı ilk səfər qolunu 2015-ci il avqustun 16-da “Kəpəz”in qapısından keçirib. 1:1 hesabı ilə başa çatan görüşün 90+2-ci dəqiqəsində İqor İvanoviç qol sevinci yaşayıb.