
"Qələbə də qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada boşalma oldu. Nəticədə qapımızda top gördük".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının V turunda "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri səfər qarşılaşmasından sonra deyib. keçirilən oyundan sonra deyib.
33 yaşlı müdafiəçi hava şəraitinin onlara problem yaratdığını söyləyib. Ramaldanov eyni zamanda komandasının turnir cədvəlində irəliləyəcəyini iddia edib: "Çətin oyunun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də uşaqlar sona qədər vuruşdular, öz oyunlarını göstərdilər. İndi evə 1 xalla dönürük. Bu heyətlə daha yaxşısını bacara bilərik. Hər şey öz əlimizdədir. İlk "beşliy"ə düşəcəyik. Məncə, hətta ondan da yuxarı yer tutacağıq".
Ramaldanov son iki matçda 4 xal toplamalarını baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyib: "Son iki oyundakı uğurlu çıxışın səbəbi odur ki, komandada özünəinam artıb. Bu da öz oyunumuzu sərgiləməyə imkan verir. Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim. Onun rəhbərliyi altında da "Sumqayıt"a qarşı eyni oyunu göstərmişdik. Amma qapımızda 2 qol görmüşdük. Düzdür, sonrakı iki matçda istədiyimiz alınmadı. Ancaq ardından futbolçularda inam yarandı".