"Qırmızı vərəqəyə kimi yaxşı oynayırdıq. Buna qədər qorxu da var idi. Tam güclə irəli atıla bilmirdik".
Sportnet.az-ın məlumatına görəi, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın V turunda evdə "Keşlə" ilə qolsuz heç-heçə etdikləri görüşdən sonra deyib. İtaliyalı mütəxəssis bildirib ki, matçın 34-cü dəqiqəsində Donald Gerye qırmızı vərəqə alandan sonra daha yaxşı oynayıblar: "Qəribədir ki, 10 nəfərlə daha yaxşı oyun göstərdik. İkinci hissədə müdafiə olunduq. Rəqib bütünlüklə irəli atılmışdı. Meza Kollinin zərbəsini qapıçımız qaytardı. Ancaq matçın sonlarında qələbə topunu vura bilərdik. Namiq, Emin və Dabonun yaxşı imkanı oldu. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumza təsir edir. Hər dəfə neqativ nəsə baş verməlidi ki, komandam ayılsın".
Bordin azarkeşlərin onu istefaya səsləməsinə də toxunub: "Komandanın qazandığı hər yaxşı və pis nəticəyə görə məsuliyyəti mən daşıyıram. İstefaya səsləmək normaldıe, onların buna haqqı var. Ancaq təhqiredici sözləri mən qəbul etmirəm. “İstefa” qışqırmaları normaldır ancaq təhqirləri ciddiyə almıram.Biz azlıqda qalmamış epizodları qola çevirməliydik. 10 nəfərlə müdafiə olunanda daha çox enerji itirirsən və tam güclə hücum etmək olmur. Ancaq 10 nəfərlə qalmağımıza baxmayaraq, daha çox qol epizodu yaratdıq. Deməzdim ki, hansısa oyunçu səviyyəsindən aşağı çıxış edir. Komanda şəklində psixoloji təzyiq altında olduğumuz üçün istədiyimiz oyunu göstərə bilmirik. Onu da qeyd etmək lazımdı ki, “Keşlə” də yaxşı oyun göstərdi".
Baş məşqçi komandadakı psixoloji gərginliyin sırf nəticələrə görə olduğunu vurğulayıb: "Başqa səbəb yoxdu. Turnir cədvəlində yaxşı yerdə qərarlaşmamışıq. Bu da futbolçuların üzərində təzyiq yaradır. Oyundan sonra referinin fikrini öyrəndim ki, niyə matçı tez bitirdilər. Demək olar ki, top cərimə meydançasına çatar-çatmaz matçı bitirəcəkdi. Hətta ötürmə ilə başlasaydıq da, matçı sona çatdıracaqdı. Bu barədə onların fikrini öyrənirdim.
Baş məşqçi bəzi futbolçuların durumuna da toxunub: "Monroz gözəl oyun nümayiş etdirdi. Hətta 10 nəfərlə qaldıqdan sonra daha artıq qaçır, müdafiəyə də kömək edirdi. Platellasa heç nə olmayıb. Oynamaması texniki seçim idi. Hakimin mənə sarı vərəqə göstərməsinə şərh verə bilmərəm. Sadəcə olaraq, mən ona sual verdim. O da mənə sarı vərəqə göstərdi".