“Oyunun çətin keçəcəyini təxmin edirdik. Rəqib heyətinə görə yaxşı balanslaşmış komandadır".
Sportnet.az xəbər verir ki, bunu "Qəbələ"nin müvəqqəti baş məşqçisi Elmar Baxşıyev evdə "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis Rasim Ramaldanovun birinci hissədə zədələnməsindən sonra müdafiədə boşluqlar verdiklərini bildirib. Onun sözlərinə görə, "Neftçi" bundan maksimum istifadə edib: "Bunu ustalıq səviyyəsi ilə izah edərdim. “Neftçi” hər mövqedə, hər komponentdə bizdən üstün görünür. Gənc komandayıq. Artırmaq üçün potensialımız var. Komandaya inanırıq. Gənc futbolçularımız matçdan-matça daha yaxşı oyun göstərəcəklər. Biz də istəyərdik ki, doğma meydanımızda azarkeşlərimizi sevindirək. Lakin istəyimiz alınmadı. “Neftçi” layiqli qələbə qazandı. Rəqibi təbrik edirəm. Komandanı görüşə hazırlayarkən müdafiədən oynamaq barədə düşünmürdük. Amma rəqibin ustalığı daha üstün olduğundan bizi müdafiədə oturmağa məcbur etdi".
Baxşıyev Ramaldanovun durumundan da danışıb: "Onun dizi şişib, indi nə isə demək çətindir. O, üç gündən sonra müayinə olunacaq”.