
Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq görüşü və Macarıstanla AVRO-2020-nin seçmə matçında kapitanı 3 futbolçudan biri olacaq.
Bu barədə Sportnet.az-a yığmanın meneceri Zaur Hacı-Məhərrəmov məlumat verib. Onun sözlərinə görə, vitse-kapitanlar Qara Qarayev, Cavid Hüseynov və Bədavi Hüseynov arasından seçim aparılacaq. Bu, baş məşqçi Nikola Yurçeviçin qərarından asılı olacaq. Cəzalı Maksim Medvedevin yoxluğunda komandanı meydana yeni kapitan çıxaracaq.
Hüseynov millinin start heyətində daim yer almır, Hüseynov isə zədəsini yenicə bərpa edib. Bu baxımdan, daim əsas heyətdə yer alan Qarayevin "sarğı"nı daşıma ehtimalı böyükdür.
Qeyd edək ki, Maksim Medvedevdən əlavə, Dmitri Nazarov və Anton Krivotsyuk da Xorvatiya ilə AVRO-2020-nin seçmə qrup oyununda növbəti sarı vərəqə alaraq, cəzalı duruma düşüb. Onlar Macarıstan yığması ilə oktyabrın 13-də Budapeştdə keçiriləcək qarşılaşmanı buraxmalı olacaqlar. Bu səbəbdən, hər üç oyunçu yoldaşlıq görüşü və rəsmi matça çağırılmayıb.