"Birinci hissədə biz daha yaxşı daha oynadıq. Amma ikinci yarıda nədənsə üstünlüyü "Sumqayıt"a verdik. Rəqib üstümüzə gəlməyə başladı və imkanlarından istifadə etdilər. İlk yarıdakı kimi oynasaydıq, belə nəticə olmazdı".
Sportnet.az xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Hendrik Ekşteyn Premyer Liqanın XI turunda evdə "Sumqayıt"a 1:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.
Cənubi Afrika Respublikasından olan yarımmüdafiəçi digər sualları da cavablandırıb.
- İlk yarıdakı kimi oynamağınıza nə mane oldu?
- Biz ilk hissəd daha istəkli idik. Onlar isə ikinci hissədə daha çox istəkli oynadılar. Bu istəyə görə də rəqibi ancaq təbrik edə bilərəm. Qələbə qazandılar.
- Ötən tur Qəbələdəki qələbədən sonra çoxları düşünürdü ki, "Sabah" "qara zolaq"dan çıxdı və qələbələrin davamı gələcək. Ancaq bu gün bunu görmədik. Qeyri-stabilliyin səbəbi nədir?
- Qollar gəlmirsə, bir az çətin olur. Qolların niyə gəlmədiyini bilmirəm. Biz də "qara zolaq"dan çıxa bilmirik. Qol vurmadıqca işimiz çətindir.
- Qol vura bilməməyinizin səbəbi hücum xəttindəki oyunçuların bacarıqsızlığıdır?
- Yox, belə deməzdim. Bizim keyfiyyətli oyunçularımız var. Mən ümumi komandaya şamil edərək, deyirəm ki, qol vurmuruqsa, bizim üçün çətin olur. İnsiativi ələ almaq üçün qol vurmalıyıq.
- Klub prezidenti Maqsud Adıgözəlov oyundan sonra paltardəyişmə otağına hirsli və əsəbi daxil oldu. Sizə nə dedi: İrad bildirdi?
- Siz dediyiniz kimi hirsli və əsəbi olsa da, onu başa düşmək lazımdır. Hamımız qalib gəlmək istəyirdik. Klub prezidentinin dediklərini də başa düşürük.
- "Sabah"dakı öz çıxışınızdan razısınız?
- Özüm haqda heç nə demək istəmirəm. Çünki daha çox komanda haqda fikirləşmək istəyirəm. Komanda məğlub olursa, mənim oyunumun o qədər də önəmi yoxdur.