
"Deməzdim ki, oyuna çox pis başladıq. Sadəcə, yaxşı ötürmələr edə bilmədik. Sağdan-sola, soldan-sağa oynadıq. Lakin ikinci hissədə daha yaxşı çıxış etdik".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Barış Ekincier Sumqayıtda Lixtenşteyni 1:0 hesabı ilə yendikləri Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.
20 yaşlı yarımmüdafiəçi bildirib ki, komandada "cırtdanlar"a eyni hesablı səfər məğlubiyyətlərindən dolayı sıxıntı olmayıb.
Yeganə qolun müəllifi rəqibin müdafiə taktikasına üstünlük verəcəyini öncədən bildiklərini diqqətə çatdırıb: "Çox yaxşı oldu ki, lazımi qolu vurduq. 1:0 hesabı ilə qalib gəldik. Hamı hesabın daha böyük olacağını düşünürdü, amma istənilən hesablı qələbə elə 3 xaldır. Nə qədər qol vursaydıq da, elə bu qədər xal alacaqdıq. Qol vura bilmədiyimiz dəqiqələr bir-birini əvəzlədikcə, stresə girirdik. Amma o dəqiqələrdə çoxlu şanslarımız oldu. Bu səbəbdən, qolun olması lazım idi. 65-ci dəqiqədə standart vəziyyətdən sonra top mənə tərəf gəldi və başla qol vurdum. İndi Lixtenşteynin 3, bizim 6 xalımız var. Biz Slovakiyanı da yenmişik, onlar isə daha heç bir komandaya qalib gələ bilməzlər".
Ekincierin sözlərinə görə, baş məşqçi Milan Obradoviç onlara 1:0 hesablı qələbənin yetərli olduğunu söyləyib: "Media daha çox qol istəyir deyə, 5 dənəsini vurmaq niyyətində deyildik. Hərçənd, yenə qol imkanları yaratmışdıq. Amma baş məşqçimiz 1:0-ın da yetərli olduğunu dedi. Elə də oldu və 3 xal qazandıq".
Gənc oyunçu 6 xalla kifayətlənməyəcəklərini də vurğulayıb: "Slovakiyanı evdə olduğu kimi səfərdə də uda bilərik. İsveçrəyə qarşı elə Sumqayıtda çox yaxşı oynamışdıq. Məncə, səfərdə onları udmaq mümkündür. Gürcüstanla qarşılaşmada qırmızı vərəqə almasaydıq, böyük hesabla uduzmazdıq. Bu komandadan səfərdə 3 xal almaq olar. Fransadan xal almaq isə çox çətindir. Məncə, bu rəqib qrupda hamını yenəcək".
Ekincier Azərbaycanın əsas millisində oynamağa özünü hazır saydığını da açıqlayıb: "Baş məşqçi Nikola Yurçeviç məni çağıracağını demişdi. Amma hələ dəvət etməyib. İnanıram ki, yaxın vaxtlarda bu, gerçəkləşəcək".