
“Azərbaycanla oyuna hazırıq. Düzdür, Xorvatiya ilə matçdan sonra bu görüşə hazırlaşmaq üçün çox vaxtımız yox idi. Amma dünən məşq etdik, bu gün də daha bir hazırlıq prosesimiz olacaq".
Sportnet.az xəbər verir ki, bunu Slovakiya millisinin kapitanı Marek Hamşik Azərbaycana qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan öncə mətbuat konfransında deyib. 32 yaşlı yarımmüdafiəçi görüşün Bakıdakı matçdan fərqlənəcəyini bildirib: “Bakıda fantastik oyun keçirmişdik. Amma bu o demək deyil ki, işimiz asan olacaq. Düşünürəm ki, sabah bizi Bakıdakından fərqli oyun gözləyir. Rəqib müdafiədə yaxşı oynayır. Azərbaycan millisinə təhlükəli əks hücumlar qurmağa imkan verməməliyik”.
Hamşik son oyunda favorit statusunu təsdiqləməli olduqlarını sözlərinə əlavə edib: “Təbii ki, ilk növbədə öz oyunumuzu düşünməliyik. Hazırda bütün fikrimiz Azərbaycanla oyuna yönəlib. Favorit olduğumuzu təsdiqləməli və mütləq 3 xal qazanmalıyıq. Yalnız bundan sonra Uels - Macarıstan görüşünün nəticəsi ilə maraqlanmaq olar”.
Qeyd edək ki, noyabrın 19-da Trnavadakı Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.