"Heç kim zəmanət vermir ki, millidəki bu nəsil Berti Foqstun vaxtınkından yaxşı olacaq".
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov 105 FM-ə müsahibəsində deyib. E.Məmmədov Azərbaycan yığmasının hazırkı baş məşqçisi Nikola Yurçeviçlə yolların ayrılmasının mümkünlüyünü diqqətə çatdırıb: "Biz AFFA olaraq, baş məşqçiləri təyin edirik. Ola bilər ki, səhv olur. Ədalətli olmalı, baş məşqçinin hesabatını da dinləməliyik. Yurçeviçin qarşısındakı hədəf yuxarılarda olmaq və sonuncu olmamaq idi. Onunla yollarımızı ayıracağıqmı? Bunu deyə bilmərəm, İcraiyyə Komitəsi qərar verəcək. Baş məşqçi ilə yollar ayrıla bilər. Çünki hüquqi baxımdan müqaviləsi bitir".
Məmmədov AVRO-2020-nin seçmə mərhələsindəki nəticə ilə bağlı da danışıb: "Rəqiblərin reytinqi bizdən üstün idi. Hər oyuna qələbə üçün çıxırdıq. Hədəfimiz bir xal və sonuncu yeri tutmaq deyildi. Komandanın hər oyunda istəyi o idi ki, 3 xal əldə etsin. Yığmaya dəvət alan hər bir oyunçu çalışmalıdır ki, öz gücünü tam göstərsin. Bəzən alınmır, bəzən də rəqib daha güclü olur. Növbəti mərhələni düşünməliyik".
Baş katib klubların uğur və uğursuzluqlarının AFFA ilə əlaqələndirilməsinə isə belə reaksiya verib: "Klublar pis nəticə göstərəndə hədəf AFFA olur. Klub avrokubokda məğlub olursa, deyirlər ki, çempionat zəifdir. Komandalar avrokubokun qrup mərhələsinə yüksələndə heç kim yazmır ki, çempionatda nə qədər klub var".