"Bu qələbəni bütün Sumqayıta, buranın sakinlərinə həsr edirik. Şəhərin yaranmasının 70 illiyidir".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt"ın prezidenti Riad Rəfiyev Premyer Liqanın XII turunda lider "Qarabağ" üzərində 2:1 hesablı qələbəni şərh edərkən deyib.
Onun sözlərinə görə, çox marraqlı oyun olub: "Birinci hissədə bir az zəif oynadıq, istədiyimizi edə bilmədik. Fasilədən sonra Ayxan müəllim komandanı toparlaya bildi, futbolçuları ikinci hissəyə yaxşı hazırladı. Nəticədə daha aqressiv, daha istəkli "Sumqayıt" gördük və istədiyimizə nail olduq. İkinci hissəni daha yaxşı keçirdik. Əlbəttə, qələbəyə görə mükafat olacaq. Bu barədə bir qədər sonra özümüz danışacağıq. Məbləğ klubun sirridir, açıqlaya bilmərəm. Hər oyuna qalibiyyət üçün çıxırıq".
Rəfiyev komandanın hazırda yaxşı oyun sərgilədiyini vurğulayıb: "Əsas odur ki, "Sumqayıt"da oyun var, görürük. Bu gün qalib gəlmişik, sevinirik, amma gələcəkdə necə olacaq, Allah kərimdir. Ümid edirəm, bundan da yaxşı olar. Böyük ehtimalla, qışda 99 faiz Türkiyədə hazırlıq keçəcəyik. Komanda neçə mövsümdür orda hazırlaşır, bu dəfə də elə olacaq. Transferlərə baxacağıq. Hələlik komanda yaxşı təsir bağışlayır. Ola bilər yalnız 1 futbolçu götürək. Amma hazırda komanda bizi tam qane edir. Sadəcə oyunumuzu daha da yaxşılaşdırmaq istəyirik. Elə olsa, nəticələr də get-gedə müsbət olacaq".