"Birinci hissədən ağıllı oynasaydıq, elə ilk hissədəcə intriqanı "öldürə" bilərdik. Amma ikinci hissədə üstünlüyü bir balaca rəqibə verdik və çox bəsit top buraxdıq. Sevindirici haldır ki, buna yaxşı reaksiya verdik və nəticədə 3 qol vuraraq, qalib gəldik".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah"ın futbolçusu Ulis Diallo Azərbaycan Premyer Liqasının XII turunda "Səbail" üzərində qazandıqlan 3:1 hesablı qələbəni şərh edərkən deyib. Son dəqiqələrdə vurduğu 2 qolla matçın qəhrəmanına çevrilən malili hücumçu birinci qoldan sonra sevincini məşqçi Ramin Quliyevlə birlikdə qeyd etməsini belə əsaslandırıb: "Formada olmayanda, ruh düşkünlüyü yarananda Ramin müəllim həmişə mənə dəstək verir. İlk qoldan çox ikinci topun sevincini onunla qeyd etmək istədim. Çünki bu, qalibiyyət qolu idi".
Artıq 3 qola imza atan Diallo yavaş-yavaş kollektivə uyğunlaşdığını deyib: "İlk vaxtlar komanda yoldaşlarımla anlaşmamız yetərincə deyildi. Amma oyunlar keçdikcə bir-birimizi daha yaxşı başa düşürük. Mənə ümidlərin çox böyük olduğunu bilirəm. İnanıram ki, yanvardan sonrakı fasilə bizə daha çox kömək edəcək, bir-birimizi başa düşə biləcəyik. Amma əvvəlki oyunlarla müqayisədə Hendrik Ekşteynlə anlaşmamın daha yüksək səviyyədə olduğunu deyə bilərəm".
Afrikalı hücumçu komandasının qeyri-sabit çıxışına da münasibət bildirib: "Futbolda sona qədər oynamaq lazımdır, arxayınlaşmaq heç cür olmaz. Bir turda qələbə qazanıb, digərində uduzmağımızın səbəbini mən də bilmirəm. Məsələn, "Sumqayıt"la oyunda hesabda 1:0 öndə olsaq da, ikinci hissəyə arxayın çıxdıq. Düşündük ki, qalib gələcəyik. Amma belə olmadı. Bu gün də eyni hal "Səbail"lə matçda oldu. Onlar hesabı açandan sonra qalib gələcəklərini düşündülər. Amma biz son dəqiqələrdə matçın məcrasını dəyişdik".