2020-ci il Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi gözlənilən istilər səbəbindən triatlon və at yarışlarının başlama vaxtını dəyişdirib.
Sportnet.az olimpiadanın rəsmi saytına istinadən xəbər verir ki, triatlondakı qadın və kişilərin fərdi yarışları səhər yerli vaxtla 7:30-da deyil, 6:30-da (Bakı vaxtı ilə 1:30-da) başlayacaq. Kişilərin yarışı 27 iyulda, qadınların mübarizəsi isə 28 iyulda olacaq. Qarışıq estafet isə avqustun 1-də təşkil olunacaq.
Təşkilat Komitəsi atçılıq növü üzrə yarışların vaxtının 8:30-dan 7:30-a və ya 8:00-a keçirilməsini də təsdiqləyib.
Triatlon və atçılıq yarışlarının başlama vaxtı ilə bağlı dəyişikliklər Beynəlxalq Olimpiya Komitəsi (BOK) və müvafiq federasiyalarla müzakirə edilib. Onların tətbiqi dekabrın 3-dən 5-dək Lozanna şəhərində keçirilən IOC İcraiyyə Komitəsinin iclasında təsdiqlənib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.