“Keşlə” Futbol Klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.
“Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.
"Qeyd etmək istəyirik ki, aparılan araşdırmaların “Keşlə” Futbol Klubuna heç bir aidiyyatı yoxdur. Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir" deyə "Keşlə" bəyan edib. Klubdan "Report"a verilən açıqlamada həmin şəxslərin araşdırmalar yekunlaşanadək işdən kənarlaşdırıldıqları diqqətə çatdırılıb.