Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yenidən Türkiyədə çalışa bilər.
Sportnet.az "Fotomaç"a istinadən xəbər verir ki, uğursuz nəticələr səbəbi ilə Bülent Uyğunu istefaya göndərən "Kayserispor"un rəhbərliyi 50 yaşlı xorvatiyalı mütəxəssislə danışıq aparır. Kayseri təmsilçisi 17 turdan sonra çempionatda 10 xalla sonuncu pillədə qərarlaşıb.
Prosineçkinin dönüşü rəsmiləşəcəyi təqdirdə, o, komandanın cari mövsümdə 3-cü baş məşqçisi olacaq.
Qeyd edək ki, Prosineçki AVRO-2020-nin seçmə mərhələsi başa çatandan sonra Bosniya və Herseqovina yığmasından istefaya göndərilib. O, 2012-2013-cü illərdə "Kayserispor"da, 2014-2017-ci illərdə isə Azərbaycan millisində çalışıb. Bir müddət əvvəl baş məşqçi axtarışında olan AFFA-nın xorvatiyalı mütəxəssislə danışıq apardığı yönündə xəbərlər vardı.