Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına təsadüf edəcək bu günün ilk matçı “Qəbələ” və "Keşlə" arasında 52-ci duel olacaq.
Sportnet.az xəbər verir ki, “qırmızı-qaralar” ilk dəfə 2006-cı ildə qarşılaşdığı paytaxt təmsilçisi ilə indiyədək 51 dəfə üz-üzə gəlib. 16 qələbə qazanan əyalət komandası 17 heç-heçə edib, 18 dəfə məğlub olub. Rəqib qapısından 53 top keçirən qəbələli futbolçular 67 qol buraxıblar. “Keşlə” ilə oyunlardakı ən məhsuldar futbolçu Daniel Subotiç rəqib qapısına 5 dəfə yol tapıb.
51 matçdan 46-sı çempionat, 5-i kubok çərçivəsində keçirilib. Premyer Liqadakı görüşlərdə 13 qələbə qazanan “Qəbələ” 17 dəfə 1 xalla kifayətlənibsə, 16 matçda bakılılar qalib gəlib. 46 qol vuran “qırmızı-qaralar” 60 top buraxıb.
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Öz meydanındakı 25 görüşdə 8 qələbəsi olan komanda 11 heç-heçə edib və 6 dəfə uduzub. “Qırmızı-qaralar” top fərqində də üstündür – 27:26.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlanacaq.