"Neftçi” komandası Azərbaycan Premyer Liqasının XXI turunda qarşılaşacağı "Zirə” ilə oyunun hazırlığına başlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sabah”la matçdan sonra iki günlük fasiləyə buraxılmış "ağ-qaralar” bu gün məşqə çıxıb. Əvvəlcə inzibati binadakı fitnes zalında müxtəlif fiziki təmrinlər edən kollektiv sonra "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetirib.
Zədəli Mamadu Mboc fiziki hazırlıq üzrə məşqçi Mario Kastelyanonun rəhbərliyi altında fitnes zalında fərdi məşqlərə başlayıb, Aqil Məmmədov isə müalicə olunduğu üçün bugünkü məşqdə iştirak etməyib. Qapıçı sabahdan məşqlərə qoşulacaq.
Qeyd edək ki, martın 15-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Zirə” oyunu saat 18:00-da başlanacaq.