"Fitness məşqçisinin bizə verdiyi proqram əsasında hazırlaşırıq. Günümün qalan hissəsində filmlərə və seriallara baxıram".
Bu fikiləri "Report"a açıqlamasında "Sabah" klubunun futbolçusu Mario Marina deyib.
31 yaşlı yarımmüdafiəçi uzun müddət evdə qalmağın ona xeyli çətinlik törətdiyini etiraf edib: "Düşünürəm ki, bu, çox uzun çəkir. Amma hökumətin qərarına hörmətlə yanaşmalıyıq".
Bosniya və herseqovinalı oyunçu karantin müddətində son olaraq İngiltərə "Mançester Yunayted"inin sabiq baş məşqçisi Ser Aleks Ferqyusonun avtobioqrafiyasını oxuduğunu və "The gentleman" filminə baxdığını sözlərinə əlavə edib: "Bu, əla film idi, hamıya tövsiyə edirəm".
Marina xüsusi yeməklər bişirə bilmədiyini, yalnız makaron və salatlar hazırlamağı bacardığını vurğulayıb. Futbolçu yaxınlarının virusa yoluxmadığını və vətənində xəstələrin tədricən sağaldığını deyib. O, ailəsi üçün darıxdığını, onları görəcəyi günü gözlədiyini bildirib.
Yarımmüdafiəçi çempionatın bərpası ilə bağlı düzgün qərarın veriləcəyinə əminlik ifadə edib. O, "Premyer Liqa tezliklə başlasa, koronavirusa yoluxma təhlükəsinə görə rəqiblə təmasdan çəkinməyəcəksiniz" sualına belə cavab verib: "Düşünürəm ki, belə ehtiyatlanma futbolda mənasızdır, buna görə də heç nədən çəkinməyəcəyəm".
Qeyd edək ki, Mario Marina cari mövsümün əvvəlindən "Sabah"da çıxış edir.