İtaliyanın "İnter" və "Milan" klubları "San-Siro" rayonunda birgə həyata keçirəcəkləri yeni stadion və əyləncə parkının layihəsini təqdim ediblər.
Sportnet.az-ın məlumatına görə, layihəyə klubların hazırkı ev arenasının bir hissəsi saxlanılmaqla, yeni stadion tikintisinin iki variantı daxildir. "Cüzeppe Meatsa"dan yalnız aşağı tribunalar saxlanılacaq və stadion idman-əyləncə klasterinin bir hissəsinə çevriləcək.
60 min yerlik yeni arena yaxınlığında 106 000 kvadratmetrlik yaşıl zona olacaq. Layihənin dəyəri 1 milyard dollardır.
Qeyd edək ki, həm "İnter", həm də "Milan"ın ev oyunlarını keçirdiyi "San-Siro" stadionu 1926-cı ildə açılıb. 1979-cu ildə arenanın adı dəyişdirilərək, hər iki komandanın formasını geyinmiş futbolçunun şərəfinə "Cuzeppe Meatsa" olub. Mərhum hücumçu 1934 və 1938-ci il dünya çempionatlarında İtaliya yığmasının heyətində qızıl medal qazanıb. O, 1940 - 1942-ci illərdə "Milan"da, 1946 - 1947-ci illərdə "İnter"də forma geyinib.