
"Neftçi"dən Almaniya "Ayntraxt"ına transfer olunan Azərbaycan millisinin qapıçısı Emil Balayev yeni klubunda ilk kubokunu qazanıb. Frankfurt təmsilçisi yaranan fasilədən istifadə edərək, 13-cü Harder kubokunda mübarizə aparıb.
Balayevin komandası mini-turnirin əsas mərhələsində 4 oyun keçirib. "Karlsrue"yə 2:1, "Valdhof"a 3:0 və "Kayzerslautern"ə 5:4 hesabı ilə qalib gəlib, "Sandhauzen"ə 1:4 hesabı ilə uduzan komanda finala yüksəlib.
"Ayntraxt" həlledici görüşdə millimizin digər üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" ilə üz-üzə gəlib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 4:4. Penaltilər seriyasında daha dəqiq oynayan (5:4) "Ayntraxt" kuboka sahib çıxıb. Həmin görüşdə "Ayntraxt"ın çərçivəsini məhz Emil Balayev qoruyub (Qol.az).