
“Neftçi” ilə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu (1:0) daha bir futbolçunun “Zirə”də debütü ilə əlamətdar olub.
Sportnet.az xəbər verir ki, "qartallar”ın 1:0 hesablı qələbə qazandığı matçın 77-ci dəqiqəsində meydana daxil olan Filipe Pahtman ilk rəsmi görüşünü keçirib. Braziliyalı hücumçu klub tarixinə bu ölkənin vətəndaşı kimi qeydiyyatdan keçən 5-ci legioner olub.
Onadək Dieqo Souza, Eduard Makiel, Mateus Albino və Rangel Kayo “Zirə”nin formasını geyinib.
Pahtman “qartallar”ın heyətində meydana çıxan ən gənc legioner olub. O, 20 yaş 9 ay 23 günlüyündə qəsəbə təmsilçisində debüt edib. Cənubi amerikalıyadək bu rekord Georgi Qoroziyaya məxsus idi. 2016/17 mövsümündə şans qazanan gürcüstanlı 21 yaş 11 ay 10 günlüyündə ilk dəfə “Zirə” forması geyinib.